Sosial iqtisadiyyat

“Dərslərin iyunun 14-dək davam etməsi şagirdlər üçün təhlükəlidir” - ARAŞDIRMA

Azərbaycanda orta ümumtəhsil məktəblərində tədris ilinin iyunun 14-dək davam etməsi bu il də bir çox valideyn və şagirdlərin narazılığına səbəb olub.

ENA.az xəbər verir ki, bəzi valideynlər isti havada övladlarının məktəbə getməsini onların sağlamlığı üçün təhlükəli olduğunu, bəziləri mayın sonundan etibarən məktəblərdə dərs keçirilmədiyini, hətta dərsliklərin şagirdlərdən yığıldığını iddia edirlər.

Məsələn,valideynlərdən biri mayın ortalarından Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə təhsil alan övladlarından dərsliklərin yığıldığını və onlara bir neçə mövzunu öyrənmək üçün vərəqlər paylandığını bildirib.

Övladları Sumqayıt şəhər 34 saylı tam orta məktəbin 5 və 7-ci siniflərində təhsil alan valideyn isə bildirib ki, şagirdlər dərslərdə iştirak edir, kitabları isə hələ yığılmayıb.

Yeri gəlmişkən, tədris ilinin başlama və bitmə vaxtı Nazirlər Kabinetinin (NK) qərarı ilə tənzimlənir. Belə ki, NK-nın 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.

Məsələ ilə bağlı psixoloq Kəmalə Baxış “Report”a bildirib ki, müvafiq qərarla dərslər iyunun 14-dək davam etməli olsa da, şagirdlər dərslərə dərsliksiz gedirlər: “Kitablar uşaqlardan yığılıb, proqramlarda keçiriləcək dərslər də bitib. Artıq keçməyə heç nə qalmayıb. Dərslərin iyunun 14-dək uzadılması həm psixoloji, həm də təlim baxımdan şagirdlərə böyük təzyiqdir. Çünki uşaqlar yorulub. Belə isti havalar xüsusilə də, günün ikinci yarısında təhsil alan şagirdlər üçün çox təhlükəlidir”.

Psixoloq məsələyə təkrar baxılmasının vacib olduğunu bildirib: “Məktəblər əvvəlki kimi mayın sonunda bağlanmalıdır. Psixoloji baxımdan yay ayları başlayan kimi uşaqlar emosional olur və özlərini sərbəst hiss edirlər. Belə olan halda onlara nəsə öyrətmək, nəyəsə cavab verməsini tələb etmək düzgün deyil”.

Təhsil eksperti Kamran Əsədov isə "Report"a bildirib ki, Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil: “Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir deyil, heç iki dərs ili də çatmaz”.

 

 

Təhsil eksperti Kamran Əsədov

Ekspert dərsləri iyunun 14-nə qədər uzatmaq üçün ölkənin orta ümumtəhsil müəsissələrində şəraitin olmadığını da qeyd edib:

"Çünki məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. Hesab edirəm ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası var, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var”.

“Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç biri dərslərə sentyabrın 15-də başlamır. Hamıda sentyabrın 1-də başlayır, mayın 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var, həftədə iki-üç dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə bir dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz”, - ekspert bildirib.

Bu yazı hazırlanan zaman məsələyə Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Lakin tədris ilinin iyunun 14-dək davam etməsinə ötən il Təhsil naziri Ceyhun Bayramov münasibət açıqlayıb. Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanan dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb: "Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanan dərsliklərlə bağlı xüsusi tövsiyələr hazırlayıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilib".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)