MALİYYƏ

Artıq ödənilmiş vergilərin bir hissəsi şəhər və rayonların sərəncamında saxlanılacaq

Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsaitin müəyyən hissəsi həmin şəhər və rayonların sərəncamında saxlanılacaq.

Bu norma prezident İlham Əliyevin təsdiq etdiyi “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nda nəzərdə tutulub.

Qaydaya əsasən, nəzərdə tutulan vəsaitin müəyyən hissəsi dedikdə, şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan digər daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin (həmin il üçün dövlət büdcəsinin yerli gəlirlərində vergi orqanlarının nəzarəti ilə təmin olunan vergilərin proqnozlaşdırılan məbləğinin 10 faizindən artıq olmamaqla) yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar gəlirlərinə aid edilən hissəsi başa düşülür.

Neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar) üzrə daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri üzrə daxilolmalar, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər üzrə daxilolmalar istisna təşkil edəcək.

Büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldilir: vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə; 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə; 50 faizi mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə; şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə yönəldilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)