Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində daha 4 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.
ENA.az quruma istinadən xəbər verir ki, bunlar ABŞ-nin “Xsolla (USA), Inc.”, “Valve Corporation”, Böyük Britaniyanın “Formula One Digital Media Limited” və Almaniyanın “Cleverbridge GmbH” şirkətləridir.
“Valve Corporation” və “Cleverbridge GmbH” şirkətlərinin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minir. Digər şirkətlərin qeydiyyatı isə artıq qüvvəyə minib.
Bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.
Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından rəqəmsal xidmətlər əldə edilərkən ƏDV alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.


















