Ukrayna Rusiyanın nəhəng neft emalı zavodunu vurdu
Ukrayna ordusu Rusiyada neft emalı zavodu, PUA buraxılış məntəqəsi və aerodroma hava hücumları edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, avqustun 30-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın ərazisində bir neçə mühüm obyektə zərbələr endirib.
Həmçinin Leninqrad vilayətinin Kirışi şəhərində “Kirişski” (“KİNEF”) neft emalı zavodu vurulub. Bundan sonra müəssisənin ərazisində yanğın başlayıb. Ukrayna Baş Qərargahının məlumatına görə, zavod Rusiyanın gücünə görə ikinci, ölkənin şimal-qərbində isə ən böyük neft emalı müəssisəsidir. Zavodun illik emal gücü təxminən 20 milyon ton neft təşkil edir.
Bundan əlavə, Rostov vilayətinin Millerovo şəhərindəPUA-ların saxlanıldığı, hazırlanaraq buraxıldığı obyektə zərbə endirilib. Burada da yanğın qeydə alınıb. Krasnodar diyarının Yeysk şəhərində isə eyniadlı aerodrom vurulub, zərbədən sonra obyektdə yanğın baş verib.
















