Gündəm

Çin Rusiyanın Ukraynaya nüvə zərbəsinə yol verməyəcək – Finlandiya Prezidenti

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Çinin xarici işlər naziri Van İ onu Pekinin Rusiya tərəfindən Ukraynaya nüvə zərbəsi endirilməsinə yol verməyəcəyinə əmin edib.

ENA.az xəbər verir ki, Finlandiya lideri bu barədə Almaniyanın "Bild" qəzetinə müsahibəsində danışıb.

Stubbun sözlərinə görə, o sözügedən məsələni çinli nazirin bu ilin iyulunda Helsinkiyə səfəri zamanı onunla keçirilən görüşdə qaldırıb.

"Bu yay Çinin xarici işlər naziri məni ziyarət etdi və mən bu məsələni [Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsi ehtimalını] qaldırdım. O dedi: "Biz buna heç vaxt yol vermərik". Və mən hesab edirəm ki, bu olduqca təsirli çəkindirici amildir", - Finlandiya Prezidenti bəyan edib.

O həmçinin Rusiyanın NATO-ya hücum ehtimalına inanmadığını vurğulayıb.

"Mən inanmıram ki, Rusiya nə vaxtsa dünyanın ən güclü hərbi alyansına – NATO-ya hücum etmək istəsin. Mən demirəm ki, arxayınlaşın. Bunun qarşısını almaq üçün həmişə ən pis varianta hazır olmaq lazımdır. Amma, birincisi, məndə kəşfiyyat məlumatları var. İkincisi, bizim çəkindirici amilimiz var – və bu çəkindirici amil dünyadakı hər hansı digər hərbi gücün malik olduğundan daha güclüdür. Dünyadakı heç bir dövlətin bu alyansın qətiyyətini sınamasının mənası yoxdur", - Stubb əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)