Bakıda "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumu keçirilib
“İnnovasiya Festivalı” çərçivəsində 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH – 2019”) keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "ENA"ya verilən məlumata görə, Forumunun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alıb.
Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, ölkədə innovasiya infrastrukturu formalaşdırılması istiqamətində görülən işlər çərçivəsində yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. “İnnovasiya subyektlərinin maliyyə resurslarına çıxışını təmin etmək üçün fondlar fəaliyyət göstərir. Bu fondlar vasitəsilə innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir”, - deyə R. Quluzadə qeyd edib.
Bu sahədə müəyyən nailiyyətlərin olduğunu deyən nazir həmçinin bildirib ki, Azərbaycanın İT şirkətləri öz məhsulları ilə xarici bazarlara çıxırlar. İnnovativ inkişafı sürətləndirmək üçün nazirliyin tabeliyində İnnovasiyalar Agentliyinin yaradıldığını diqqətə çatdıraraq R. Quluzadə əlavə edib ki, Agentliyin fəaliyyətinin məqsədi ölkədə ideyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən dinamik innovativ sistemin qurulmasıdır və bu çərçivədə “Made in Azerbaijan” brendi altında innovativ və texnoloji məhsul istehsalına və ixracına şərait yaratmaq əsas hədəflərdəndir.