“Bunu görmədim” deyən sürücülər cərimələnəcək - VİDEO
Əvvəl qayda pozarkən mütləq şəkildə elektron protokol ünvana göndərilirdi və müəyyən müddətdən sonra bu qayda pozuntusu barədə cərimə sistemə vurulurdu.
"Bİ" ARB TV-yə istinadən xəbər verir ki, bəzən bu məktubların ünvanlara çatdırılmasında problemlər yaranırdı.
Nəticədə bir çox cərimələr sistemə otursa da, qərarsız olurdu. Bunu görən Dövlət Yol Polisi bu qaydalara müəyyən dəyişiklik etmək qərarına gəlib. Artıq qayda pozuntuları barədə bildiriş SMS şəklində də sürücülərin telefonlarına göndəriləcək.
Bundan sonra yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon nömrələrinə yönəldilən SMS-lər, yaşayış ünvanına göndərilən məktubla eyni hüquqda tutulacaq. Bu, yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələrdə, radar və ya kameralarda qeydə alınan qayda pozuntularına şamil edilir.
Məsələ ilə bağlı danışan ekspert Elməddin Muradlı bildirib ki, qanun məktubla SMS-i eyni səviyyədə tutur:
“İnzibati Xətalar məcəlləsinin 125-ci maddəsinə əsasən SMS alan sürücü elə qəbul etməlidir ki, yaşadığı ünvana məktub gətirilib verildi. Qanun məktubla SMS-i eyni səviyyədə tutur. Mesajı oxuyub kənara qoymaq artıq düzgün deyil. Siz bu mesajı aldığınızda cəriməni ödəyə yaxud haqlı olduğunuz halda 20 gün müddətində cəriməyə etirazınızı bildirə bilərsiniz”.
Əgər elektron qərar qayda pozuntusundan bir neçə gün sonra göndərilirsə, gec göndərilmiş mesaja görə sürücü cavabdeh deyil. Bu, qanunvericiliyin yeni tələblərinə daxildir. Cərimələr gecikdirildiyi halda məbləğə hər gün bir faiz əlavə olunacaq.
E. Muradlının sözlərinə görə, 20 gündən sonrakı 5 gündə 10 faiz endirim olunur:
“Əlli manat qayda pozuntusunun 45 manatını ödəyirsiniz. Beş gün qanun sizə limit verir. Yəni 25 günə ödəsəniz, 10 faiz güzəşt ediləcək. Əlli gün müddətində cəriməni tam ödəməlisiniz. 52-ci gün artıq cərimənin üzərinə faiz gələcək”.
Yeni qaydalara əsasən sürücünün ASAN ödəniş sistemində elektron kabineti varsa, həmin kabinetə də bildiriş mesajı göndərilir. Cərimələri telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi mümkündür.