Bank

Əhali banklara müddətli əmanət yerləşdirməyə böyük maraq göstərmir

30 Aprel 2019-cu il tarixinə banklarda fiziki şəxslərin depozitləri (əsasən əhalinin əmanətləri) 8 milyard 625 milyon manat təşkil edib.

"ENA" Maliyyə Bazarlarına Nəzarət Paltasının aylıq statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə fiziki şəxslərin depozitləri 371 milyon manat və ya 4,5% artıb. Artım banklara uzunmüddətli depozit yerləşdirilməsi ilə bağlı deyil.

Belə ki, depozitlər müddətli və tələbli depozitlərdən ibarətdir. Apreldə müddətli depozitlər cəmi 4 milyon manat, tələbli depozitlər isə 367 milyon manat  artıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri tələbli depozitlərə daxil edilir. Fərdi sahibkarların depozitləri Martın sonundakı 85,6 milyon manatdan 89,8 milyon manata yüksəlib.  

Müddətli depozitlər

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

 

Tələbli depozitlər:

Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)