Azərbaycanda startaplara sertifikatların verilməsi mexanizmləri hazırlanır
Azərbaycanda startaplara "Startap sertifikatının" verilməsinə dair mexanizmlər hazırlanır.
"ENA" xəbər verir ki, bunu Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM) təşəbbüsü çərçivəsində 4-cü "ICT Innovation and startup ecosystems" istiqaməti üzrə növbəti seminarda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, strategiyanın hazırlanması ötən ilin sonunda ölkədə startapların vergilərdən azad edilməsinə dair qəbul olunan qanuna əsasən aparılır.
"Bu üstünlüyü əldə etmək üçün startap gərək "Startap sertifikatı" əldə etsin. Bu sertifikat Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. Bu sertifikatın verilməsinə dair qəbul olunan qərarın nə dərəcədə effektiv olacağını demək hələ tezdir. Çünki bu günədək belə hallar olmayıb. Belə ki, bu istiqamətdə mexanizmlər hazırlanır. Vergi orqanı startapın startap olduğu düzgün müəyyənləşdirmək üçün konkret meyarların olmasını təkid edir. Bu sual bizim üçün hazırda olduqca aktualdır və bizə bu istiqamətdə digər ölkələrin təcrübəsi çox maraqlıdır", - deyə R. Əzizov bildirib.