SOCAR: Bakı Neft Emalı Zavoduna 110 min ton Aİ-92 benzininin idxal olunması planlaşdırılır
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabrında 110 min ton Aİ-92 benzini idxal etməyi planlaşdırır.
"ENA" xəbər verir ki, bunu SOCAR-ın emal məsələləri üzrə vitse-prezidenti Davud Məmmədov deyib.
Onun sözlərinə görə, zavod oktyabrın birində istehsalı dayandıracaq. “Azərikimya” İstehsalat Birliyi də oktyabrın 1-dən başlayaraq istehsalı 40 gün müddətinə dayandıracaq:
“İstisna deyil ki, Aİ-92 benzini Rusiya və Türkmənistandan satın alınacaq. Amma bu həm də qiymətlərdən də asılı olacaq, bununla bağlı digər variantlar nəzərdən keçiriləcək”.
Vitse-prezident bildirib ki, SOCAR zavodun modernləşdirilməsini 2021-ci ilədək bitirməyi planlaşdırır. Bundan sonra zavodda neft emalı işə düşəcək ki, bu da emal prosesini 2023-24-ci illərdə 7,5 milyon tonadək çatdırmağa imkan verəcək:
“Həmin vaxtadək Azərbaycan “Abşeron”, “Ümid”, “Babək” və digər yataqlardan kondensat hasilatını artırmaq niyyətindədir”.
D.Məmmədov əlavə edib ki, Azərbaycan 2019-cu ildə dünya bazarında 11 min tonadək mayeləşdirilmiş karbohidrogen qazı və 400 min tonadək dizel yanacağı satmağı planlaşdırır.
Onun sözlərinə görə, dizel yanacağının alıcıları Qara dəniz və Aralıq dənizi ölkələri, mayeləşdirilmiş karbohidrogen qazının alıcıları isə Gürcüstan və Əfqanıstan olub.
Vitse-prezident onu da bildirib ki, SOCAR bu il yeni “SOCAR Polymer” müəssisəsində polipropilen və polietilen istehsalını artıraraq ümumi həcmi 100 min tonadək çatdırmaq niyyətindədir.