Müqavilələrin (portfelin) ötürülməsi
Sözün izahı
Sığortaçının (təkrarsığortaçının) könüllü olaraq və ya sığorta nəzarəti orqanının göstərişi ilə müəyyən sığorta növü və ya növləri üzrə bağladığı müqavilələrin, yaxud bütün sığorta portfelinin müqavilələrin başa çatmamış müddətinə mütənasib olan sığorta ehtiyatlarını təmin edən vəsaitlərlə birlikdə digər sığortaçıya və ya təkrarsığortaçıya ötürməsi.
Misal:
Sığorta nəzarəti orqanı “A” sığortaçıya verdiyi lisenziyasını ləğv edir və bununla bağlı “A” sığortaçı bağlamış olduğu və lisenziyanın ləğv edildiyi tarixdən sonra da qüvvədə olan müqavilələri (müqavilələrin portfelini) qarşılıqlı razılıq əsasında “B” sığortaçıya ötürür. Bu zaman hər hansı sığortalı onunla bağlanmış sığorta müqaviləsinin “B” sığortaçıya ötürülməsinə etiraz etdikdə, həmin müqaviləyə xitam verilməklə müqavilənin başa çatmamış müddəti üzrə sığorta haqqı müvafiq qaydada ona qaytarıla bilər. Portfelin “B” sığortaçıya ötürülməsi zamanı sığorta müqavilələrinin siyahısı və onlara aid sənədlərlə yanaşı, müqavilələrin qalan müddəti üzrə sığorta haqları da ona verilir. Bu halda ötürülən sığorta müqavilələri üzrə sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərini həyata keçirmək öhdəliyi “B” sığortaçıya aiddir. Sığorta müqavilələri üzrə hüquq və vəzifələrin bir sığortaçından digərinə bu cür ötürülməsi müqavilələrin (portfelin) ötürülməsi adlanır.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 72:
72.1. Sığorta nəzarəti orqanının yazılı razılığı olduqda sığortaçı bağladığı sığorta və ya təkrarsığorta müqavilələrini tam və ya qismən digər sığortaçıya ötürə bilər.
72.2. Sığortaçının sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya ötürmək barədə qərar qəbul etməsi üçün sığortalıların və ya təkrarsığortalıların razılığı tələb olunmur.
72.3. Sığorta və ya təkrarsığorta müqavilələrinin portfelinin digər sığortaçıya ötürülməsi barədə qərar qəbul etmiş sığortaçı müvafiq razılığın alınması üçün sığorta nəzarəti orqanına müraciət etməlidir. Sığorta nəzarəti orqanı göstərilən müraciət barədə elanı Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində aralarında 30 gün müddət olmaq və elanın dəyəri müqavilələri ötürən sığortaçı tərəfindən ödənilmək şərti ilə iki dəfə dərc etdirir.
72.4. Bu Qanunun 72.3-cü maddəsində nəzərdə tutulmuş birinci elanda sığorta və ya təkrarsığorta müqavilələrini digər sığortaçıya ötürən sığortaçının sığortalılarının və ya təkrarsığortalılarının, habelə digər maraqlı şəxslərin 30 gün müddətində özlərinə aid olan müqavilələrin ötürülməsinə etiraz etmək imkanları, həmçinin bu cür etirazın sığorta nəzarəti orqanına bildirilməsi qaydası göstərilməlidir.
72.5. Bu Qanunun 72.4-cü maddəsində göstərilən müddətdə sığortalı və ya təkrarsığortalı özünə aid olan müqavilənin başqa sığortaçıya ötürülməsinə dair etirazını bildirdikdə sığorta nəzarəti orqanı həmin müqavilənin sığortalının və ya təkrarsığortalının özünün müəyyənləşdirdiyi sığortaçıya ötürülməsi barədə müqavilələri ötürən sığortaçıya yazılı göstəriş verir.
Beynəlxalq təcrübədən nümunə
Misir Ərəb Respublikasının “Sığorta nəzarəti haqqında” Aktı - 1981-ci il, maddə 60:
Şirkət öz sığorta müqavilələrini M.Ə.R.-dəki əməliyyatlarının hamısı və ya bir hissəsi üzrə bütün hüquq və vəzifələri ilə birlikdə digər sığortaçıya ötürmək qərarına gəldikdə, icra qaydalarında nəzərdə tutulmuş qayda və şərtlərlə (Sığorta Nəzarəti)Orqan(ın)a müraciət etməlidir.
Müraciət icra qaydalarında nəzərdə tutulmuş müddəalara uyğun olaraq, “Əl vaka’ə əl-Misra”da və ən azı iki yerli gündəlik nəşrdə dərc olunmalıdır.
Bu müraciətə sığortalılara və digər maraqlı şəxslərə müraciətin dərc edildiyi tarixdən ən geci üç ay müddətində ötürülmə barədə qeydlərini (Sığorta Nəzarəti)Orqan(ın)a bildirmələri üçün çağırış daxil edilməlidir.
Şirkətin müqavilələrinin bütün öhdəlikləri ilə ötürülməsi, bu ötürmənin …sığortalıların, faydalanan şəxslərin və kreditorların maraqlarına ziyan vurmamasının sübut edilməsi şərtilə (Sığorta Nəzarəti) Orqan(ın)ın Şurasının qərarı əsasında həyata keçirilir…
Bu zaman şirkətin M.Ə.R.-dəki fondları əmlakın və fond vəsaitlərinin ötürülməsi üzrə müddəalar nəzərə alınmaqla sığorta müqavilələrinin ötürüldüyü şirkətə ötürülməlidir. Ötürülən fondlar əmlakın və fond vəsaitlərinin ötürülməsi ilə əlaqədar qanunla müəyyən edilmiş notarial təsdiqləmələrə görə dövlət rüsumundan, qeydiyyata və saxlamaya görə ödəmələrdən azad edilir.
Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L324-1:
Fransanın sığorta şirkətləri və onların filialları,... həmçinin (Avropa İttifaqının digər üzv dövlətlərində qeydiyyatdan keçmiş sığorta şirkətlərinin)Fransadakı filialları bu maddədə müəyyən edilmiş şərtlərlə Avropa İttifaqının hər hansı üzv dövlətinin ərazisində yerləşən riskləri və ya öhdəlikləri əhatə edən müqavilələrin portfelinin bir hissəsini və ya hamısını (həmin müqavilələr üzrə)hüquq və vəzifələrlə birlikdə bir və ya bir neçə Fransa sığorta şirkətinə və ya onların … filiallarına, Avropa İttifaqının (digər)üzv dövlətində qeydiyyata alınmış bir və ya bir neçə sığorta şirkətinə və ya onların Avropa İttifaqının ərazisində təsis edilmiş filiallarına və ya riskin, yaxud öhdəliyin qəbul edildiyi dövlətdə təsis edilmiş və səlahiyyətləndirilmiş bir və ya bir neçə sığorta şirkətinə ötürə bilər.
Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 25, bənd 5, səkkizinci abzas:
Sığorta portfelinin ötürülməsi ilə eyni zamanda ötürülən sığorta öhdəliklərinə müvafiq olan sığorta ehtiyatları həcmində aktivlərin də ötürülməsi həyata keçirilir.