Gürcüstandan “Keşikçidağ” qadağası - HƏRBÇİLƏRƏ ƏMR VERİLDİ
“Keşikçidağ” monastır kompleksinə giriş iyulun 15-dən Gürcüstan tərəfdən məhdudlaşdırılıb.
Turistlərdən ibarət qrupları Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçidağ” kompleksinə aparan bələdçilər məbədin bəzi obyektlərinə girişlə bağlı problemin yarandığını bildiriblər.
Bələdçilərdən biri İrakli Marukşavili deyib ki, turistlər iyulun 15-də Voskreseniya məbədinə və Çiçxituri qülləsinə qalxa bilməyiblər:
“Həmişəki kimi, yamacı keçmək istəsək də, təəssüf ki, indi buna icazə verilmir. İlk metal çəpərin başlandığı yerədək qalxmaq olur. Gürcüstanlı hərbçilər orada dayanıblar. Onlar bizə dedilər ki, uzaq məsafəyə buraxa bilməzlər. Onlara belə əmr verilib”.
Bələdçi Rusudan Caparidze isə deyib ki, bu gün keçirilmiş yığıncaqda Bələdçilər Assosiasiyasının üzvləri və turizm şirkətlərinin əməkdaşları eskalasiyadan qaçmaq üçün məbəd kompleksinə səfərləri dayandırmaq barədə razılığa gəliblər:
“Biz vəziyyətin gərginləşməsində maraqlı deyilik, problem diplomatik yolla həll edilməlidir”.
Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.