Kənd təsərrüfatına 5 milyard manata yaxın investisiya yatırılacaq
Su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə fermerlərin maarifləndirilməsi xüsusi diqqət tələb edir.
Bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.
X.Əhədov qeyd edib ki, aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.
“Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları, sahibkarlar və iri fermer təsərrüfatlarının nümayəndələri Dövlət Proqramından irəli gələn aşağıdakı vəzifələrin icrasına xüsusi diqqət yetirməlidirlər. İcra hakimiyyətinin başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar bölmədə əsas istiqamətlər üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən edərək hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməli, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusən pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün zəruri olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Təbliğatın əsasında isə Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətlərinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndələri bu çıxışı dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz ona söykənməli, bütün imkanlarını səfərbər etməklə sahibkar və fermerlərin Prezidentin çağırışına qoşulmaları üçün lazım olan bütün tədbirləri görməlidirlər. Dövlət Proqramının icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür.
Dövlət Proqramının icrasında Prezidentin özəl sektorun rolunu xüsusi vurğulaması bir daha onu göstərir ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız dövlət dəstəyi ilə deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı ilə mümkündür. Beləliklə qarşıdakı dövrdə özəl sektor sadəcə istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir. Fermer məhsul istehsal edir, emal müəssisəsi həmin məhsula əlavə dəyər qatır, logistika və saxlama infrastrukturu məhsul itkilərini azaldır, ixracatçı isə məhsulu xarici bazarlara çıxarır. Nəzərə almaq lazımdır ki, bu zəncirin hər hansı bir həlqəsi qırıldıqda, istehsalda əldə edilən nəticə iqtisadi dəyərə tam çevrilə bilmir", - deyə X.Əhədov qeyd edib.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur: “Qəbul edilmiş Dövlət Proqramının dörd il yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla, Prezident tərəfindən bu Proqramın icrasına dərhal başlanılması tapşırığını rəhbər tutaraq qarşımıza qoyulmuş vəzifələrin icrasına vaxt itirmədən başlamalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya, habelə idarəetmə imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik”.


















