ABŞ-da qalmaqallı qərar: Trampın keçmiş vergi sənədləri toxunulmaz elan edildi
ABŞ Ədliyyə Nazirliyi Donald Trump və ailə üzvlərinin əvvəlki illərə aid vergi bəyannamələrinin yoxlanılmasını qadağan edib.
Qərar Trampın ABŞ Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı iddia çərçivəsində əldə olunan razılaşma əsasında qəbul olunub. Tramp vergi sənədlərinin sızdırılmasına görə IRS-dən 10 milyard dollar tələb edirdi.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi əvvəlcə yalnız Tramp tərəfdarlarına kompensasiya ödənilməsi üçün 1,8 milyard dollarlıq fond yaradılacağını açıqlayıb. Bildirilib ki, əvvəlki administrasiya dövründə qanunsuz təqiblərə məruz qaldığını iddia edən şəxslərə həmin fond vasitəsilə ödəniş ediləcək.
CNN telekanalı bunu “misli görünməmiş addım” adlandıraraq qeyd edib ki, hökumət agentliyinin nəzarət etdiyi vəsait hesabına prezident tərəfdarlarına kompensasiya ödənilməsi ciddi müzakirələrə səbəb olub.
Daha sonra ABŞ Ədliyyə Nazirliyinin saytında Trampın IRS-ə qarşı iddiası ilə bağlı ayrıca sənəd dərc olunub. Sənəd ABŞ-ın baş prokuror səlahiyyətlərini icra edən Todd Blanche tərəfindən imzalanıb.
Sənəddə qeyd olunur ki, ABŞ hökuməti Trampa qarşı əvvəlki vergi iddialarından imtina edir və gələcəkdə bu məsələ ilə bağlı yeni iddia qaldırmaq hüququnu da birdəfəlik itirir.
Ədliyyə Nazirliyi vurğulayıb ki, qadağa yalnız əvvəlki illərin vergi bəyannamələrinə aiddir və Tramp ailəsinin gələcəkdə təqdim edəcəyi vergi hesabatlarını əhatə etmir.
ABŞ Konqresinin demokrat üzvü Richard Neal isə qərarı “korrupsiya” adlandırıb.
Qeyd edək ki, Donald Tramp həm ilk prezident seçki kampaniyası dövründə, həm də prezident vəzifəsinə başladıqdan sonra vergi bəyannamələrini ictimaiyyətə açıqlamayıb. O, bunu maliyyə fəaliyyətinin auditdə olması ilə əsaslandırmışdı. Bununla da Tramp 1970-ci illərdən sonra vergi məlumatlarını açıqlamaqdan imtina edən ilk ABŞ prezidenti olmuşdu.
Trampın IRS-ə qarşı iddiası 2026-cı ilin yanvarında qaldırılmışdı. Buna səbəb onun 2018–2020-ci illərə aid vergi bəyannamələrinin ABŞ mediasında dərc edilməsi olmuşdu. Həmin sənədlər IRS-in keçmiş əməkdaşı Charles Littlejohn tərəfindən mediaya ötürülmüşdü. O, 2024-cü ildə vergi məlumatlarını qanunsuz yaydığına görə 5 il həbs cəzası almışdı.


















