Sosial iqtisadiyyat

“Topaz” lisenziyası ala bilməyən əlillər dava salıb - ARAŞDIRMA APARILIR

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində araşdırılır. 

Bakı Şəhər Baş Polis İdarəsindən “ENA”ya verilən məlumata görə, “Caspian Tech” QSC rəhbərliyi adından daxil olmuş müraciətdə Yusifov Elşən və qeyrilərinin cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib. 

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, K.Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə, onların lisenziyaları ləğv edilib.  

“Caspian Tech” QSC-nin ləğvetmə qərarına etiraz olaraq, 2018-ci ilin noyabr ayının 1-2 tarixlərində və 2019-cu ilin may ayının 30-da özünü “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə “Caspian Tech”QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər. Onlar E.Yusifov və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb ediblər, əks təqdirdə özlərinə xəsarət yetirəcəklərini bildiriblər.  

Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department