Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Qara Cümə bitdi, avropalılar pulu xərcləməkdənsə yığmağa üstünlük verir. Ən bəndin ölkələr hansılardır?

Qara Cümə bitdi, avropalılar pulu xərcləməkdənsə yığmağa üstünlük verir. Ən bəndin ölkələr hansılardır?
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycanda da mağazaların və onlayn ticarət platformalarının böyük endirim kampaniyaları ilə müşayiət olunan Qara Cümə (Black Friday) alış-veriş marafonu geridə qaldı. Bir neçə gün ərzində alıcılar daha sərfəli qiymətlərlə məhsul əldə etməyə çalışarkən, əvvəlki böyük hücumlar baş vermədi. Avropadan gələn göstəricilər də maraqlı mənzərə ortaya qoyur: endirimlər istehlakçıları alış-verişə həvəsləndirsə də, avropalıların böyük hissəsi pul xərcləməyə o qədər də həvəsli deyil.

Araşdırmanın nəticələri göstərir ki, Avropada əsas problem təkcə qiymətlərin bahalığı deyil, həm də insanların gələcək maliyyə vəziyyətinə inamının zəifləməsidir. Elə Azərbaycanda olduğu kimi.

Avropada istehlakçı inamı tarixi ortalamadan aşağıdır

Avrozonada istehlakçı inamı indeksi noyabrda mənfi 16,9 bənd təşkil edib. Bu, oktyabr ayı ilə müqayisədə 1 bənd yaxşılaşma demək olsa da, göstərici tarixi orta səviyyədən (-10,7 bənd) xeyli aşağıdır.

İndeksin mənfi olması o deməkdir ki, sorğuda iqtisadi vəziyyətlə bağlı mənfi cavablar müsbət cavablardan daha çoxdur.

İstehlakçıların ehtiyatlı davranmasının səbəblərindən biri də inflyasiyadır. Avrozonada qiymətlər oktyabr ayında illik müqayisədə 4% artıb. Bu, 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək inflyasiya səviyyəsidir. Bahalaşmada enerji xərclərinin artması mühüm rol oynayıb.Yerigəlmişkən Azərbaycanda bu göstərici 5,7%-dir və bahalaşmada ərzaq məhsullarının qiyməti xüsusi rol oynayıb.  

Yunanıstan avropalıların ən bədbin olduğu ölkədir

Avropa İttifaqında istehlakçı inamının ən aşağı olduğu ölkə Yunanıstandır. Noyabrda bu ölkədə indeks oktyabrdakı mənfi 48,9 bənddən mənfi 50,5 bəndə düşüb.

Bu göstərici digər ölkələrlə müqayisədə xeyli aşağıdır. İstehlakçı inamının ən zəif olduğu növbəti ölkə Rumıniyadır. Burada indeks mənfi 29,7 bənd təşkil edib.

İstehlakçı inamının ən aşağı olduğu digər ölkələr Estoniya (-29,2), Bolqarıstan (-28,4), İtaliya və Portuqaliyadır (hər ikisi -24,9).

İtalyanlar iri alış-verişdən imtina edir

Qara Cümə kampaniyalarından gəlir əldə etməyə çalışan pərakəndə satıcılar üçün Avropa Komissiyasının sorğusunda bir göstərici xüsusilə əhəmiyyətlidir: insanların mebel, məişət texnikası və elektronika kimi iri alış-verişlərə münasibəti.

İtaliyada bu istiqamətdə istehlakçı gözləntiləri kəskin pisləşib. Noyabrda iri alış-veriş etmək niyyəti ilə bağlı indeks mənfi 46,5 bəndə düşüb. Oktyabrda bu göstərici mənfi 40,4 bənd idi.

İtaliya bu göstərici üzrə yalnız Rumıniyadan geri qalır. Rumıniyada indeks mənfi 47,4, Yunanıstanda isə mənfi 43,9 bənddir.

İtaliyada ümumi istehlakçı inamı da noyabrda mənfi 24,9 bəndə düşüb. Bu, ən azı son bir ilin ən aşağı göstəricisidir.

Avropalılar xərcləməkdənsə, yığmağa üstünlük verir

Sorğunun daha bir diqqətçəkən nəticəsi avropalıların qənaətə meylinin artmasıdır. Avrozonada növbəti 12 ay ərzində pul yığmaq niyyətini əks etdirən indeks noyabrda 10 bəndə yüksəlib. Oktyabrda bu göstərici 8,9 bənd idi. Halbuki onun tarixi orta səviyyəsi mənfi 2,9 bənd təşkil edir.

Ən yüksək qənaət niyyəti Lüksemburqda qeydə alınıb – 52,6 bənd. Almaniyada isə bu göstərici oktyabrdakı 20,8 bənddən 23,2 bəndə yüksəlib.

Digər tərəfdən, istehlakçıların gələcək qiymət artımları ilə bağlı gözləntilərində müəyyən yumşalma var. Avrozonada növbəti 12 ay üçün qiymət artımı gözləntilərini əks etdirən indeks 33,8 bənddən 30 bəndə enib. Bununla belə, göstərici tarixi orta səviyyədən (21,4 bənd) yüksək olaraq qalır.

Avropa Komissiyasının ümumi iqtisadi əhval-ruhiyyə indeksi də noyabrda 95,8 bəndə düşüb. Buna əsasən sənaye sektorundakı zəifləmə təsir edib.

Nəticə etibarilə, Avropada Qara Cümə endirimlərinin əsas problemi alıcıların kampaniyalara marağının olmaması deyil, onların xərcləmək imkanları və gələcəyə inamı ilə bağlıdır. Endirimlər məhsulları daha əlçatan edə bilər, lakin istehlakçının büdcəsi və iqtisadi gözləntiləri zəifdirsə, bu, avtomatik olaraq alış-verişin artması demək deyil.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə