OpenAI “Apple”a qarşı məhkəməyə müraciət edib: Ticarət sirlərinin oğurlanması iddiası qaldırılıb

Süni intellekt nəhəngi OpenAI “Apple” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət “Apple”ı kommersiya sirlərini ələ keçirməkdə, təchizatçılara təzyiq göstərərək onun aparat təminatı bazarına daxil olmasına mane olmaqda və mühəndislərlə əməkdaşlıq imkanlarını məhdudlaşdırmaqda ittiham edir.
Süni intellekt sahəsində rəqabət yeni müstəviyə keçir. OpenAI Kaliforniyanın Şimal Dairəsi üzrə Federal Məhkəməyə təqdim etdiyi əks iddia ərizəsində “Apple”ın təchizatçılar və mühəndislər üzərindəki təsir imkanlarından istifadə edərək şirkətin aparat təminatı bazarına daxil olmasının qarşısını almağa çalışdığını bildirib.
Bu iddia “Apple”ın iyulun 10-da keçmiş əməkdaşları Chang Liu və Tang Yew Tan, eləcə də OpenAI və onun törəmə şirkəti io Products-a qarşı qaldırdığı iddiadan sonra irəli sürülüb.
OpenAI “Apple”ı təchizatçılara təzyiq göstərməkdə ittiham edir
OpenAI iddia edir ki, “Apple” ortaq təchizatçılara onunla əməkdaşlıq etməmələri üçün təzyiq göstərib. Bundan başqa, şirkətin genişmiqyaslı işə qəbul məhdudiyyətləri tətbiq etməklə OpenAI-ın təcrübəli mühəndisləri cəlb etmək imkanlarını zəiflətməyə çalışdığı bildirilir.
OpenAI məhkəməyə təqdim etdiyi sənəddə vurğulayıb ki, “Apple”ın təchizatçılar və mühəndislər üzərindəki təsir imkanlarından rəqibləri bazardan kənarlaşdırmaq məqsədilə istifadə etməsi qanunsuzdur.
OpenAI-ın məxfi məhsul planları “Apple”a ötürülüb?
İddia ərizəsində diqqətçəkən məqamlardan biri də OpenAI-ın məxfi aparat təminatı layihələri ilə bağlı məlumatların “Apple”a ötürülməsi iddiasıdır.
OpenAI-ın bildirdiyinə görə, 2025-ci ilin dekabrında şirkətə qoşulmuş keçmiş “Apple” əməkdaşı OpenAI-dan ayrılmadan əvvəl çoxsaylı məxfi sənədləri şəxsi elektron poçt hesabına və telefonuna göndərib.
Həmin şəxsin iyunda yenidən “Apple”a qayıtdığı, iyulda isə şirkətin Asiya-Sakit okean regionu üzrə yüksək vəzifəli rəhbərlərinə təqdimat etdiyi iddia olunur. OpenAI hesab edir ki, bu təqdimatda şirkətin məxfi aparat təminatı layihələri və hələ bazara çıxarılmamış məhsulları barədə məlumatlardan istifadə edilib.
OpenAI həmçinin “Apple”ın əməkdaşlarını iş və şəxsi məlumatlarını eyni hesablarda və cihazlarda saxlamağa təşviq edən siyasətinin şirkətdən ayrılan işçilərin şəxsi məlumatlarına çıxış əldə edilməsinə şərait yaratdığını iddia edir.
“Apple” da OpenAI-ı kommersiya sirlərini mənimsəməkdə günahlandırır
Mübahisənin digər tərəfi isə “Apple”ın daha əvvəl irəli sürdüyü ittihamlardır. Şirkət iyul ayında qaldırdığı iddiada keçmiş əməkdaşları Chang Liu və Tang Yew Tan-ın “Apple”a məxsus kommersiya sirlərindən və məxfi məlumatlardan OpenAI-ın istehlakçı yönümlü aparat təminatı məhsullarının hazırlanmasında istifadə etdiklərini iddia etmişdi.
“Apple”ın mövqeyinə görə, OpenAI onun məhsul dizaynları, istehsal prosesləri və təchizat zənciri strategiyaları ilə bağlı kommersiya sirlərini əldə etmək üçün koordinasiyalı fəaliyyət göstərib.
Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə OpenAI-ın aparat təminatı strategiyasının oğurlanmış kommersiya sirlərinə əsaslandığını və qanunsuz olduğunu iddia etmişdi.
Beləliklə, süni intellekt və texnologiya bazarının iki böyük oyunçusu arasında mübahisə artıq yalnız məhsul və bazar rəqabəti çərçivəsində qalmayıb, qarşılıqlı kommersiya sirrinin mənimsənilməsi ittihamları ilə məhkəmə müstəvisinə keçib.











