Sənaye

BP 2019-ci ilin 1-ci rübünün yekunlarını açıqladı

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

2019-cu ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 138 milyon dollar əməliyyat məsrəfləri və  279 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma  gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

 

Hasilat

2019-cu ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (43 000), Mərkəzi Azəri (146 000), Qərbi Azəri (128 000), Şərqi Azəri (100 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (58 000) platformalarından birlikdə – gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton olub.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

 

Səmt qazı

Rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 milyon kubmetr, ümumilkdə isə 0,5 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal terminalı

2019-cu ilin birinci rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 69 milyon bareldən çox neft və kondensat, o cümlədən 61 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 milyon standart kubmetr (təqribən 1656 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 6 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 425 milyon ton (təqribən 3,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4159 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Rüb ərzində isə BTC vasitəsilə 8 milyon tondan çox (təqribən 61 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 74 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

İlin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 191 milyon dollar əməliyyat xərcləri və 267 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

Birinci rübdə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

Rüb ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, 4,3 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,5 milyon barel) kondensat hasil edilmişdir.

Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə təqribən 20 milyard) standart kubmetrdir.

 

Qazma əməliyyatları

2019-cu ilin birinci rübündə Şahdəniz Alfa platformasından quyu qazılmamışdır.

İstiqlal qazma qurğusu şərq cinahda bir sualtı quyunu tamamlamışdır, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. Maersk Explorer qurğusu bir quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilmişdir.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2019-cu ilin birinci rübündə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat xərcləri və 17 milyon dollar əsaslı xərclər sərf edilib.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. 

2019-cu ilin birinci rübü ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olmuşdur.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

Geoloji kəşfiyyat

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur. 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç  perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur. 

D230 bloku üzrə 2019-cu ildə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanacaq.

 

İşçi heyətimiz

2019-cu ilin ilk rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Birinci rüb ərzində BP Azərbaycan şirkətinin üç yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.  

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department