Sosial iqtisadiyyat

Azərbaycanda inflyasiya - AÇIQLANDI

Azərbaycanda illik inflyasiya 2,1 faizdən 2,4 faizə yüksəlib. Aylıq inflyasiya isə 0,6 faizdən 0,4 faizə düşüb.

2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşmışdı.

Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdı.

Aprel ayı ərzində düyünün, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yoqurtun, xamanın, kərə, qarğıdalı və zeytun yağlarının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, heyvanın, şabalıdın, kələmin, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, quru noxud və lobyanın, mərcinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, mobil telefonların, sementin, kərpicin, kəsilmiş taxtanın, nitro boyaların qiymətlərində bahalaşma, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Cari ilin aprel ayında mart ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, respublikadan kənara istirahət turlarının, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşmış, hava nəqliyyati ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Müqayisə üçün bildirirəm ki, istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən MDB ölkələrindən Qırğızıstanda 99,7 faiz, Moldovada 102,5 faiz, Qazaxıstanda 105,0 faiz, Rusiyada 105,2 faiz, Belarusda 105,9 faiz, Tacikistanda 106,6 faiz, Ukraynada 108,9 faiz təşkil etmişdir (Azərbaycanda 102,1 faiz).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department