Həyat tərzi

“Möcüzə adam”:  İcbari tibbi sığortadan kim nə qazanır? 

“Əslində, oqranizmimdə problem çoxdan var idi. Qarnımda köp olurdu. Son 4 ayda isə ümumiyyətlə,  yemək yeyə bilmədim. Bir az da ağrı hiss edirdim. Həkimə müraciət elədim. Dedilər ki, bağırsaqda yara var. Sonra  Mingəçevir Mərkəzi Xəstəxanasında çalışan Əbdülqədir həkimin yanına gəldim. O da dəqiq diaqnoz üçün MRT-yə göndərdi. Orada da yara olduğu üzə çıxdı”. 


Bu fikirləri həkimlərin “möcüzə adam” adlandırdığı Mingəçevir sakini Mübariz Məmmədov icbari tibbi sığortanın tətbiqi barədə danışarkən səsləndirib. Deyib ki, ağır vəziyyətdə olduğuna görə həkimlər  əvvəl əməliyyat etməkdən imtina edirdilər. Uzun danışıqlardan sonra həkim-cərrah Əbdülqadir Soltanov əməliyyata razılıq verib: 


“Ədbülqaədir həkim mənə sona qədər çox yüksək səviyyədə  qulluq etdi. Hətta tibb bacılarının əvəzinə də yaralarımı sarıyıb, hər qayğını göstərib. 7 saat əməliyyatda oldum. Əməliyyat zamanı bağırsaqda daha 3 nöqtədə də yaralar aşkar edilib. Həkim hamısını kəsib götürüb”. 
M.Məmmədov bildirib ki, belə ağır əməliyyatı xəstəxanada tam ödənişsiz həyata keçiriblər. Əməliyyatdan sonrakı reablitasiya dövründə də göstərilən xidmətə görə heç bir ödəniş etməyib: 


“Belə bir ağır əməliyyatı mənim üçün tam pulsuz etdilər. Xəstəxanada xidmət də yüksək səviyyədə idi. Bəlkə də mənə 2 min manatlıq dərman, tibbi ləvazimat sərf olunub. Ancaq buna görə tibb müəssisəsinə heç bir ödəniş etmədik. Hamısı tam ödənişsiz verildi. Xidmətlərdə də heç bir çətinliyim olmadı. Mən sonradan öyrəndim ki, həmin əməliyyat Bakıda 4 min manata edilir. Əgər pul ödəməli olsaydım, mən əməliyyata gedə bilməzdim və həyatımı itirəcəkdim.  Bu cür yüksək səviyyəli xidmətin təşkili insanları yenidən həyata qaytarır”. 


Xərçəngə yoluxdu, komada qaldı...

Qeyd edək ki, Mingəçevir şəhərində artıq 2-ci ildir ki, icbari tibbi sığorta sistemi pilot qaydada tətbiq edilir. Qanunvericilikdə yeni sistemlə bağlı bəzi təkmilləşdirmə işləri yubandığı üçün hələlik  pilot rayonlarda sığortaolunanlar tibbi xidmətlərə görə heç bir ödəniş etmirlər. Çünki ödənişin məbləği hələlik rəsmən təsdiq edilməyib. Ona görə də bütün kateqoriyadan olan şəxslər burada baza zərfinə daxil olan tibbi xidmətlərdən tam pulsuz yararlanırlar. Bu da tibb müəssisələrinə müraciətlərin sayını kəskin artırıb. Artıq Mingəçevir xəstəxanalarında ən ağır əməliyyatlar həyata keçirilir. 


Xərcəng xəstəliyindən əziyyət çəkən Sədaqət Cabbarova da burada əməliyyat edilib və proses 8 saata yaxın davam edib. Qızı Vəfa İsmayılovanın sözlərinə görə, bir müddət komada qaldıqdan sonra həkimlərin sayəsində yenidən həyata qayıdıb: Anam bu ilin sentyabrın əvvəllərində iş başında olarkən axrası üstə yığılıb. O zaman onun bağırsağından qan açılıb. Təcili xəstəxanaya çatdırdıq. Babasil olmasından şübhələnirdim. Ona görə bir neçə həkimə yoxlatdıq. Sonda müayinələr göstərdi ki,anamın bağırsağında xərçəng yaranıb və xəstəlik xeyli irəliləyib. Mingəçevir Mərkəzi Xəstəxanasında əməliyyat olundu.  Şükürlər olsun ki, anamı ikinci dəfə bizə bağışladılar. Bir müddət komada qaldı. Sonra həkimlərin səyi nəticəsində özünə gəldi. İndi də şükür yaxşıdı. Xəstəxanadakı bütün tibb personalından və göstərilən xidmətdən razıyıq”.  

 
V.İsmayılova da əməliyyat və digər tibbi xidmətlər üçün heç bir ödəniş etmədiklərini vurğulayıb: “ İcbari tibbi sığorta sistemi işləyəndən Mingəçevirdə bütün əməliyyatar pulsuz həyata keçirilir. Biz heç kimə 1 manat da olsun pul verməmişik. Buna baxmayaraq, həkimlər anama çox qayğı göstərib, uzun müddət xəstəxanada müalicə aldığı müdbətdə də ona təmənnasız xidmət ediblər. Yalnız bir xidmətə görə pul ödəmişik. Xəstəxanada yatan pasiyentlərə bütün xidmətlər göstərilir. Ona görə onların yanında əlavə adamın qalmasına icazə verilmir. Xüsusi hallarda buna icazə verirlər, o zaman bu xidmət üçün ödəniş tələb olunur. Mən anamın yanında qalmaq üçün 1 günə 14 manat 20 pul ödəmişəm. Bundan başqa heç bir xidmətə, dərmanlara pul verməmişik. Hər şey pulsuzdur. Xidmət də bizi qane edir, çox razıyıq”. 

 

“...yatmışdıq, ayıldıq”

İcbari tibbi sığortanın həyata keçirildiyi pilot rayonlarda texniki və tibbi ləvazimalarla təchizat xeyli yaxşılaşıb.  Bunu bizimlə söhbətində həkimlər, tibb bacıları da vurğulayıblar.  Mərkəzi Xəstəxanada həkim-terapevt işləyən Yeganə Katibovanın sözlərinə görə, burada müasir avadanlıqlarlar təchiz edilən yeni tibbi xidmət sistemi qurulub: “Bir sözlə desəm, yatmışdıq oyandıq. Yeni sistem qurulandan sonra həkim kimi daha aktiv işləməyə başladıq. Mən əvvəl təcili yardımda çağırışçı həkim işləmişəm. Hazırda Mingəçevir mərkəzi xəstəxanasında acil şöbədə işləyirəm. İndi burada bütün müasir avadanlıqlarla, dərmanlarla, tibbi ləvazimatlarla təchiz olunmuş bir tibbi sistem işləyir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hər şeylə təmin edib. Ona görə bizə də işləmək rahatdı. Hər bir imkan var. Ancaq əvvəl belə imkanlar yox idi”. 


Həkim iş şəraiti ilə yanaşı gəlirlərinin də artdığını vurğulayıb: “Mən əvvəl aldığım miqdarda maaş alıram. Əlavə olaraq, Agentlik həkimlərə, eləcədə mənə göstərdikləri xidmət müqabilində bonuslar verir. Amma istəyirdik ki, bonuslarımız bir qədər artıq olsun. Acil şöbədə bizim işimiz ağırdır. Çox xəstələr öncə bizə müraciət edir, sonra digər şöbələrə yönləndirilir. 12 saat ərzində 45-50 nəfər qəbul edirik. Bəzən isə 30 nəfər müraciət edir. Gecə növbələrində daha ağır xəstələr müraciət edir. Xəstəlik fizioloji olaraq gecələr daha da artır. Biz onlara lazım olan bütün ilkin tibbi yardımları göstərə bilirik. İynəyə və ya dərmana qənaət etmirik. Təchizat yüksək səviyyədə olduğu üçün biz də rahat işləyirik. Ancaq əvvəllər iynə-dərman az olurdu. Çox vaxt xəstələr bəzi ləvazimatları özləri alıb gətirirdilər. İndi belə deyil”. 


Türkiyədəki işini Mingəçevirə dəyişdi 

Uroloq cərrah Cavid İsayev isə Mingəçevirdə işləmək üçün Türkiyədən dəvət edilib. Gün ərzində Ağdaş, Yevlax, Mingəçevir, eləcə də Ağcabədi, Göyçay, Qəbələ, Ucar rayonlarından 10- 5 pasiyent qəbul etdiyini deyir: 
“İcbari tibbi sığortada işləmək həkim olaraq bizim üçün rahatdır. Biz dəqiq diaqnozlar üçün istədiyimiz  analizləri, nümunələri istədiyimiz formada rahatlıqla həyata keçirə bilirik. Sığortadan əvvəl onlar müəyyən miqdarda pul tələb edirdi. Ona görə istənilən effekti əldə edə bilmirdik.  İndi nefroloji panel, əməliyyat paneli, kardioloji, biokimyəvi  panellərin hər birini istənilən vaxt yüksək səviyyədə götürə bilirik. Əvvəllər tomoqrafiyaya xəstələri yönləndirmək çətin idi. İndi rahat şəkildə bu yoxlamaları həyata keçirə bilirik. 


Xəstəxanada açıq əməliyyatlar etmək üçün heç bir maneə yoxdur. Lazım olan hər bir cərrahi təchizat, ləvazimat var. Hazırda ümumi cərrahlar laparaskopik öd əməliyyatlarını uğurla həyata keçirirlər. Bu da tibbi sığortanın verdiyi imkanlar çərçivəsində mümkün olub.Yaxın gələcəkdə sırf urologiya sahəsinə aid bir sıra endoskopik avadanlıqlar gətirilməlidir.  Yeni avadanlıqlar gəldikdən sonra bu əməliyyatların sayını artıracağıq”.
 

Gülməli rəqəmlər tarixə qovuşdu.

Cərrah Azin Əliyev isə icbari tibbi sıgortanın siravi vətəndaşlara daha çox fayda verdiyini deyib: “Əvvəllər sadə əməliyyatları belə həyata keçirməyə maddi imkanı olmayan şəxslər indi icbari tibbi sıgorta xətti ilə bahalı ürək-damar əməliyyatlarını edirlər. Həkimlərin iş şəraiti də dəyişib, yeni avadanlıqlar alınıb, dərman təchizatı yüksək səviyyədədir. Stasionar müalicə alan xəstələrə evdən yemək, yataq ləvazimatları gətirilməsinə də son qoyulub.  


Yeni sistem həkimlərin cəmiyyət üçün gülməli olan maaşını da artıraraq 600-1000 manata çatdırıb. Və hər bir həkim öz işinin müqabilində - yardım etdiyi xəstələrin sayından asılı olaraq mükafatlar da alır. Bu da həkimlər arasında rəqabətə,  öz üzərində çalışmağa sövq edir”. 
Tibb bacısı Aynurə Musayeva da maaşının 2 dəfə artdığını, eyni zamanda iş şəraitinin onu qane etdiyini deyib. Onun sözlərinə görə, çalışdığı acıl şöbəsində pasiyentlərlə daim sıx ünsiyyətdə olur. Müayinələrdən sonra həkimin təyinatı ilə onlara ilkin yardım edir. Təchizat yaxşı səviyyədə olduğundan onlara xidmət də istənilən səviyyədə qurulur. 


Beləliklə, bütün tərəfləri razı salan yeni icbari tibbi sığorta sistemi arealını genişləndirir. Təxminən, 2 ilə yaxın müddətdə reallaşan pilot layihələrin təhlli göstərir ki, Azərbaycanda 1 nəfərin illik səhiyyə xərci 114 manatdır. Bunun əsasında illik  sığorta haqqının 120 manat olması təklif edilir. Bu isə bir vətəndaşa ayda 10 manata başa gələcək.  Əvəzində bir çox tibbi xidmətlərdən yararlana, o cümlədən bahalı əməliyyatları həyata keçirə biləcəklər. Prosesin tezləşməsi diləyi ilə
 

FƏRQANƏ ALLAHVERDİQIZI
businessinsider.az

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)