Sosial iqtisadiyyat

Bakıda məhkəmə-hüquq islahatları ilə bağlı konfrans keçirilir

Bakıda “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans işə başlayıb.

"BI" xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə keçirilir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransın keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışdılar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərdə biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs edib və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğulayıb.

Birinci vitse-prezidentin köməkçisi dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)