Azərbaycan polimer pula keçməyi planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə polimer əskinasları tədavülə buraxmağı nəzərdə tutur.
"Businessinsider.az" xəbər verir ki, bu sözləri AMB sədri Elman Rüstəmov deyib.
"Pambıq kağız banknotlar uzunmüddətli istifadə səbəbindən zamanla əvvəlki görünüşünü itirir və korlanır ki, bu da əlavə xərclərə gətirib çıxarır. Bununla əlaqədar biz gələcəkdə inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq daha dayanıqlı polimer əskinaslardan istifadəyə keçməyi planlaşdırırıq", - deyə E.Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu gün 8,3 mlrd. manat dəyərində 213 mln. əskinas tədavüldədir.
"Ən çox 1, 5 və 10 manatlıq əskinaslar köhnəlir. Onların illik köhnəlməsi 80%, 20 manat dəyərində olan banknotların illik köhnəlməsi isə 60% təşkil edir", - deyə AMB sədri bildirib.