Azərbaycan Kredit Bürosuna sorğuların sayı 40 faiz artıb
2019-cu ilin I rübünün yekunlarına əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 123-yə çatmışdır.
Büronun yaydığı məlumata görə, hesabat dövrü ərzində üç yeni təşkilat, o cümlədən 1 BOKT, 1 kredit ittifaqı və 1 lizinq şirkəti ilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilmişdir.
2019-cu ilin ilk rübü ərzində Büronun sistemindən 30 bank və 39 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 567,525 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 40 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 405,544 sorğu yerinə yetirilmişdir.
Büroda aparılmış sorğuların 505,027-i (və ya 89%-i) banklar, 62,498-i (və ya 11%- i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.
Qeyd olunan dövr ərzində 5,511 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 5,466-sı (və ya 99,2%-i) fiziki, 45-i (və ya 0,8%-i) isə hüquqi şəxslər olmuşdur.