Hadisə

Ali Məhkəmənin məşhur şirkət ilə bağlı qərarı - LƏĞV EDİLDİ

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 may tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 2017-ci il 12 iyun tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEWOO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 2018-ci il 16 may tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsinİşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Qeyd edək ki, “Posco Daewoo Corporation” şirkəti “City Bus” MMC, “Logestics Group” MMC,  “Baghlan Group” FZCO Azərbaycan Respublikasındakı filialı və “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı filialından pul tələb edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)