Bakıda 12-20 min manatlıq əmlaklar - İNTERNETLƏ SATILIR - YENİLİK
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 23 aprel tarixində keçirilib.
"Businessinsider.az" Komitəyə istinadən xəbər verir ki, hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirildi. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada vermişdir. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirdi.
Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirdi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir. Bu dövlət əmlakları üzrə seçim və sifariş etmək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları üzrə sifarişlər hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək qəbul olunur.