Dövlət əhalidən bu ərazidəki torpaqları alacaq - QƏRAR
Nazirlər Kabineti Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanı müəyyən edib.
"Businessinsider.az" xəbər verir ki, qərara əsasən bu qurum “Azərbaycan Dəmir Yolları” QSC olub. Qurum torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirəcək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
Qeyd edək ki, ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43,0 km olan yeni dəmir yolu xəttinin tikintisi nəzərdə tutulub.