Aİ Azərbaycanın 5 rayonunda ərzaq sistemi zəncirinə dəstək verir - FOTOLAR
"Businessinsider.az" xəbər verir ki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Slow Food (İtaliya), Heyvanların Mühafizəsi İctimai Birliyi və Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası ilə birgə Böyük Qafqaz dağları regionunda kiçik sahibkarları dəstəkləmək üçün COVCHEG adlı 3 illik layihə həyata keçirir. Bu barədə məlumat "COVCHEG" layihəsinin birinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında verilib.
Çıxış edən Heyvanların Mühafizəsi İctimai Birliyinin sədri Azər Qarayev bildirib ki, layihə Azərbaycanın 5 rayonunda - Qəbələ, İsmayıllı, Qax, Şəki, Şamaxıda həyata keçirilir. Diqqətə çatdırılıb ki, layihənin ilk altı ayı ərzində həmin beş pilot ərazidə yerli məhsulların xəritəyə alınma səfərləri, müştəri araşdırmaları və maraqlı tərəflərlə görüşlər keçirilib. Nəticədə təxminən 40 məhsul aşkar edilib: yerli tərəvəz və meyvələr, həmçinin onların ənənəvi emal üsulları, yerli şirniyyatlar, heyvan mənşəli məhsullar, ənənəvi üzüm növləri və s. Ekspert əlavə edib ki, Azərbaycan daxilində olduqca müxtəlif torpaq və iqlim şəraitinin olması müxtəlif növ bitki genetik resurslarına və heyvanat növlərin mövcudluğuna şərait yaradır. Bu növ məhsullar və cinslər, xalq seleksiyası sayəsində min illərlə kənd təsərrüfatı və pastoralizm üzərində inkişaf edib. Buna görə layihənin ilk mərhələsi ənənəvi məhsulların, cinslərin və qida məhsullarının inventarlaşdırılması, habelə onların daha geniş istehsal və emalı üsulları üçün əsas yaradacaq. "Slow Food"un proqram koordinatoru Anna Kanşiyevanın sözlərinə görə, "Covcheg" layihəsinin məqsədi Böyük Qafqaz dağları regionunda kiçik sahibkarlara yardım etməklə Azərbaycan iqtisadiyyatının diversifikasiyasına dəstək olmaqdır. "Azərbaycan daxilində müxtəlif torpaq və iqlim şəraitinin olması müxtəlif növ bitki genetik resurslarına və heyvanat növlərin mövcudluğuna şərait yaradır. Bu layihənin ilk mərhələsi ənənəvi məhsulların, cinslərin və qida məhsullarının inventarlaşdırılması və onların daha geniş istehsal və emalı üsulları üçün əsaslar yaradıb. 2018-ci ilin sentyabrında start verilən layihə 2021-ci ilin avqustuna kimi davam edəcək.” Çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas vurğulayıb ki, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti qrupları və digər maraqlı tərəflərlə yaxından əməkdaşlığı özündə ehtiva edən Aİ və Azərbaycan arasındakı bu tərəfdaşlıq qastronomiyanı, eləcə də ərazidə bioloji müxtəlifliyin və mədəni irsin qorunması üzrə Avropa İttifaqının malik olduğu böyük təcrübəni paylaşmaq məqsədini daşıyır. Tədbirin media üçün hissəsi yerli mütəxəsislərin iştirakı ilə “Yerli qida sisteminin möhkəmləndirilməsi vasitəsi ilə kənd icmalarının inkişafı”, “Kənd turizminin inkişafı”, “Azərbaycanda etno- qastronomik turizminin tendensiyaları”, “Böyük Qafqaz Dağlıq regionlarının aqrobiomüxtəlifliyi” mövzularındakı konfransla davam edib.