"PAŞA Bank" işçilərinə 9 milyon 374 min manat xərcləyib: HESABAT
"PAŞA Bank" 2019-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Maliyyə vəziyyəti üzrə göstəricilərin əksəriyyəti müsbət tendensiya göstərib.
"Businessinsider.az" ölkənin ən böyük korporativ bankının hesabatındakı ən maraqlı məqaəmları oxucularına təqdim edir.
Kredit portfeli aktivlərinin cəmi 27 faizini tutur
Beləliklə, “PAŞA Bank”ın banklar və dövlət fondları qarşısnda öhdəlikləri birinci rübdə 22 milyon 380 min manat, müştərilər qarşısında öhdəlikləri isə 61 milyon 875 min manat azalıb. Əməliyyat aktivlərində 8 milyon manat həcmində xalis artma ticarət qiymətli kağızlarında müşahidə edilir. Kredit təşkilatlarından alınacaq məbləğdə isə 151 milyon manat həcmində azalma var.
Bankın balans hesabatına əsasən, 2019-ci ilin birinci rübündə cəmi aktivləri illik müqayisədə 36,3% artaraq 4 milyard 647 milyon 941 min manata çatıb. Bu aktivlərin 1 milyon 269 milyon 689 min manatı müştərilərə verilmiş kreditlərdir. Bu isə o deməkdir ki, ən iri korporativ bankımızın malik olduğu aktivlərin cəmi 27,3 faizi kreditlərin payına düşür və əlbəttə bu göstərici kreditləşmə səviyyəsinin yüksək olmadığını göstərir. Alternativ olaraq bank aktivlərinin 1 milyard 605 milyon manatı invesisiya qiymətli kağızlarındadır.
Eyni zamanda 575 milyon 952 min manatı pul vəsaitləri və pul vəsaitlərinin ekvalentində, 948 milyon 258 min manatı isə kredit təşkilatlarından alınacaq məbləğlərdə ifadə olunur.
Öhdəlikləri 27% artıb
Cari ilin birinci rübündə bankın cəmi öhdəlikləri illik müqayəsədə 27% artaraq 4 milyard 193 milyon 674 min manat olub. Bankın digər banklar və dövlət fondları qarşısında öhdəlikləri 237 milyon 818 min manat, müştərilərin depozitləri 3 milyon 861 milyon 413 min manat təşkil edib. Müştərilərin depozitlərinin məbləği illik müqayisədə 885 milyon manat artıb.
“PAŞA Bank”ın 2019-ci ilin yanvar-mart aylarına olan hesabatına əsasən kapitalı 454 milyon 267 min manat olub. Bankın birinci dərəcəli kapitalı 418 milyon manat, məcmu kapitalı 470 milyon manat təşkil edib. Bankın birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 15,9%, məcmu kapitalın gəlirliyi isə 12,6% olub. Bankın kapitalında 121 milyon 149 min manat bölüşdürülməmiş mənfəət də var.
Mənfəəti 5,5 dəfə yüksəlib
“BI” bankın mənfəət zərər hesabatına istinadən xəbər verir ki, illik müqayisədə bankın faiz gəlir və xərclərində artım müşahidə olunub. Belə ki, bankın faiz gəlirləri 52 milyon 558 min manat, faiz xərcləri 10 milyon 92 min manat, qeyri-faiz gəlirləri 9 milyon 553 min manat və qeyri-faiz xərcləri 15 milyon 825 min manat təşkil edib. Faiz xərclərinin 9 milyon 374 min manatı yanvar-fevral-mart ayları üzrə işçilərə yönəldilib.
“PAŞA Bank” cari ilin birinci rübündə 35 milyon 681 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur. Bank bu rüb mənfəətindən vergi ödəməyib və mənfəətin formalaşmasında faiz və qeyri-faiz gəlirləri xüsusi yer tutur.