Bank

Ekspertlər bağlanmış banklarının ləğv prosesini qənaətbəxş hesab etmirlər

Azərbaycan Mərkəzi Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2012-2017-ci illərdə lisenziyasını geri aldığı 12 bankın ləğvi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarəti altında davam etməkdədir.

"BI" xəbər verir ki, söhbət “Royal Bank”, “Bank of Azerbaijan”, “Gəncə Bank”, “United Credit Bank”, “Qafqaz İnkişaf Bankı”, “Atra Bank”, “Texnika Bank”, “Deka Bank”, “Kredo Bank”, “Zamin Bank” və “Dəmir Bank” ASC-lər, eləcə də “Bank Standard” QSC-dən gedir.

Bununla belə, ekspertlər bankların ləğv prosesini qənaətbəxş hesab etmirlər.

Açıqlama verən hüquqşünas, eyni zamanda “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov ADIF-i ləğvedicisi olduğu banklarla bağlı effektiv fəaliyyət göstərməməkdə ittiham edib.

“Bu banklarda həm əhalinin, həm də şirkətlərin milyardlarla manat pulu qalıb. ADIF həmin banklara məxsus daşınar və daşınmaz əmlakları satmalı, onların vaxtilə verdiyi kreditlərin geri qaytarılmasını təmin etməli, əmanətçilərə kompensasiya kimi ödədiyi pulu götürdükdən sonra qalan vəsaiti kreditorlar arasında proporsional qaydada bölməlidir. Lakin Fond bu işlərlə ciddi məşğul olmur. Məsələn, əmlakların satışı həyata keçirilmir. Çox güman ki, burada kimlərinsə korrupsiya maraqları var, həmin əmlakları aşağı qiymətə yaxın adamlara vermək istəyirlər. Həmçinin kredit ödənişlərində ciddi problemlər var. Fond pulların geri alınması prosesini kreditorlardan gizlədir, banklara borclu olan şəxslər, onlardan hansıların məhkəməyə verilməsi, hansı qərarların qəbul edilməsi barədə əmanətçilərə məlumat verilmir”, - deyə o, qeyd edib.

 

Əkrəm Həsənov

Hüquqşünas, “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov

Fond pulların geri alınması prosesini kreditorlardan gizlədir, banklara borclu olan şəxslər, onlardan hansıların məhkəməyə verilməsi, hansı qərarların qəbul edilməsi barədə əmanətçilərə məlumat verilmir.

 

Ə.Həsənovun fikrincə, bağlanmış banklardan böyük məbləğdə kredit götürmüş və geri qaytarmaq istəməyən şəxslərlə bağlı qəti addımlar atılmalıdır: “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qanunsuz verilmiş kreditlərə görə xeyli sayda şəxs cinayət məsuliyyətinə cəlb edilib, amma “Bank Standard”dan çıxarılmış pullara görə cəmi 1 nəfər həbs edilib, o da “Çudo Peçka” mağazalar şəbəkəsinin rəhbəridir. Halbuki, bu bankın müflis olmasından iştirak etmiş şəxslər çoxdur. Bunlar “Bank Standard”ın müştəriləri ilə yanaşı, həm də vaxtilə orada rəhbər vəzifədə çalışmış şəxslərdir. Amma onlar da məsuliyyətə cəlb olunmur”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov isə bildirib ki, bəzi bağlanmış bankların ictimaiyyətə elan olunmuş aktivləri və öhdəlikləri arasında böyük fərq var. Bu isə fiziki və hüquqi şəxslərə pulunu geri götürməyə mane olur: “Xüsusilə “Bank Standard”, “Dəmir Bank” kimi maliyyə qurumlarının kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər ehtiyatı yoxdur”.

 

Rəşad Həsənov

İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov

Bəzi əmanətçilər əlaqələrindən istifadə edərək pullarını başqalarından əvvəl götürürlər. Bu istiqamətdə ictimai nəzarəti təmin edəcək normal mexanizm yoxdur.

 

Bundan başqa, onun sözlərinə görə, sığortasız əmanət sahiblərinə münasibətdə qanun pozuntularına yol verilir: “Qanuna görə, bankların aktivlərinin hesabına ilk növbədə dövlət qarşısında olan öhdəliklər yerinə yetirilir, əgər əlavə vəsait qalarsa, sığortalanmamış əmanətlər qaytarılır. Müşahidələr isə göstərir ki, bəzi əmanətçilər əlaqələrindən istifadə edərək pullarını başqalarından əvvəl götürürlər. Təəssüf ki, bu istiqamətdə ictimai nəzarəti təmin edəcək normal mexanizm yoxdur və ləğvetmə prosesini tam olaraq izləyə bilmirik. Bu işi həyata keçirən ADIF-in fəaliyyətində nöqsanlar var, fondda idarəetmə şəffaf deyil və bu, Hesablama Palatasının da rəyində öz əksini tapıb. İdarəetmə mümkün olduğu qədər şəffaflaşdırılmalıdır, əks təqdirdə nöqsanlardan qaçmaq mümkün deyil və bütün ittihamlar da təbii olaraq ADIF-ə yönələcək”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)