“Bank of Baku"nun “qırmızı rəqəm”ləri
“Bİ” xəbər verir ki, “Bank of Baku"nun mənfəət və zərər hesabatına əsasən, bu ilin 9 ayı ərzində verdiyi kreditlər və lizinqlər üzrə faiz gəlirləri 31 milyon 35 min manat, faiz xərcləri 11 milyon 22 min manat olub. Faiz xərclərinin aşağı olması bankın depozit portfelinin getdikcə kiçilməsi ilə bağlıdır.
Qeyri-faiz gəlirləri 2 milyon 504 min manat, qeyri-faiz xərcləri 46 milyon 137 min manat təşkil edib.
Bank aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara 26 milyon 748 min manat ayırıb.
Nəticədə “Bank of Baku” bu ilin üçüncü rübünü 3 milyon 128 min manat mənfəətlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə 31,89 milyon manat zərər açıqlamışdı. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank of Baku"nun aktivləri 301 milyon 607 min manat olub ki, bu da illik müqayisədə 30,5% azalma deməkdir. Bankın nağd vəsaitləri illik müqayisədə 2,4 dəfə azalaraq 14 milyon 527 min manat, “Nostro” hesabları isə 38,1% azalaraq 34 milyon 477 min manata düşüb. “Bank of Baku”nun digər maliyyə müəssisələrində olan depozit və kreditlərin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə azalaraq 12 milyon 434 min manat olub. Bunun 193 milyon 199 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% kiçilib.
Hesabat dövründə “Bank of Baku"nun öhdəlikləri 33,35% azalaraq 262 milyon 72 milyon manata düşüb. Bunun 157,013 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son bir ildə Bankın depozit portfeli 42,3% kiçilib və əlbəttə bu yaxşı tendensiya deyil.
İl ərzində “Bank of Baku"nun balans kapitalı isə 2,4% azalaraq 39 milyon 535 min manat təşkil edib.