Rəsmi

Özəlləşdirilən müəssisələrin vergi borcu silinəcək - YENİ QANUN

Prezident İlham Əliyev “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

FED.az xəbər verir ki, qanuna əsasən, dövlət əmlakının (müəssisəsinin) satıcısı Vergilər Nazirliyi ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu Qanunun qüvvəyə minmə tarixinə, yəni 1 mart 2019-cu ilə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirəcək.

Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstəriləcək.

Bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinəcək:

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinəcək;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinəcək;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinəcək.

Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu Qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil ediləcək.

Dövlət əmlakının (müəssisələrinin) satıcısı dövlət əmlakının (müəssisələrinin) özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində Vergilər Nazirliyinə təqdim edəcək.

Bu qanun 2019-cu il martın 1-dən qüvvəyə minib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)