Azərbaycanda çörək daha ucuzdur - ARAŞDIRMA
Azərbaycanda çörəyin qiyməti əksər postsovet ölkələri ilə müqayisədə çox aşağıdır.
Dünya bazarında son aylarda ərzaq buğdasının qiymət artımının çörəyin qiymətinə təsirinin müəyyən edilməsi məqsədilə araşdırma aparılıb.
MDB ölkələri statistika orqanlarının dərc etdiyi məlumata əsasən, ən ucuz çörəyin Azərbaycanda olduğunu gördük. Belə ki, 2019-cu ilin fevral ayında əla növ buğda unundan bişirilmiş çörəyin 1 kq-nın qiyməti Azərbaycanda 0,80manat, Tacikistanda 0,90 manat, Qırğızıstanda 1,05 manat, Qazaxıstanda 1,07 manat, Ukraynada 1,41 manat, Ermənistanda 1,72 manat, Rusiyada 1,93 manat, Belarusda 2,09 manat olub. Eyni zamanda, həmin dövrdə qonşu Gürcüstanda əla növ buğda unundan bişirilmiş çörəyin 1 kq-nın qiyməti 1,24 manat təşkil edib. Beləliklə, əla növ buğda unundan bişirilmiş çörəyin 1 kq-nın qiyməti Azərbaycanda yuxarıda qeyd edilən ölkələrlə müqayisədə 12,5%-161% ucuzdur.
Məsələni internet resursları vasitəsilə də araşdırdıq. İnternet resurslarından əldə etdiyimiz məlumatlar da Azərbaycanda çörəyin daha ucuz olduğunu göstərir. Belə ki, internet resurslarından əldə etdiyimiz məlumatlara əsasən, əla növ buğda unundan bişirilmiş 500 qramlıq çörəyin Azərbaycanda 0,40 manata, Gürcüstanda 500qramlıq çörəyin 0,75 manata, Ermənistanda 350 qramlıq çörəyin 0,63 manata, Rusiyada 400 qramlıq çörəyin 0,95manata, Belarusda 300 qramlıq çörəyin 0,76 manata, Qazaxstanda 450 qramlıq çörəyin 0,45 manata, Ukraynada 500 qramlıq çörəyin 0,98 manata, Qırğızıstanda 500 qramlıq çörəyin isə 1,34 manata satıldığını müəyyən etdik.
Təhlillər göstərir ki, Azərbaycanda çörəyin qiymətinin digər ölkələrlə müqayisədə daha ucuz olması Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarının maddi rifah halının daha da yaxşılaşdırılması, əhalinin az təminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi davamlı tədbirlərin, dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi, habelə dünya bazarında buğdanın qiymətinin artmasının çörəyin qiymətinə təsirinin qarşısının alınması istiqamətində həyata keçirilmiş qabaqlayıcı tədbirlərın nəticəsidir.