Vergidə yenilik - MMC-ni elektron imzasız - YARATMAQ OLAR
Vergilər Nazirliyi vətəndaşların istifadəsinə daha bir elektron xidmət verib. "Businessinsider.az" xəbər verir ki, bu xidmət sayəsində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər elektron imza olmadan mobil nömrə və FİN koddan istifadə edərək onlayn qaydada dövlət qeydiyyatına alınacaq.
Elektron imzası olmayan istifadəçi İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə daxil olmaq üçün mobil telefon nömrəsini və FİN kodunu daxil edib "daxil ol" düyməsini sıxmalıdır. Daxil edilən mobil nömrənin həmin FİN koda aid olması yoxlanılır, uyğunsuzluq olduğu halda vətəndaşın sistemə daxil olmaq imkanı məhdudlaşdırılır. Bu barədə ekranda "Siz bu mobil nömrənin sahibi deyilsiniz. Dəqiqləşdirilməsi üçün mobil operatora müraciət etməyiniz tövsiyə olunur" yazısı çıxır.
Daxil edilən mobil nömrənin həmin FİN koda aid olduğu halda mobil nömrəyə 6 rəqəmli təsdiqləmə kodu göndərilir və həmin kodu açılan xanaya daxil etmək lazımdır. Təsdiq kodu ekrana gəlmədiyi halda yenidən təsdiq kodunu tələb etmək imkanı yaradılır. Təsdiqləmə kodu daxil edildikdən sonra "Qəbul" düyməsi sıxılır və istifadəçi "Onlayn Kargüzarlıq" bölməsinə daxil olur. Burada ərizə növü kimi "H/Ş elektron qeydiyyatı" seçilir və "Adi qeydiyyat ərizəsi (elektron imza olmadan)" bölməsinə klik edilir.
Hüquqi şəxsin elektron qeydiyyatı ekranı açılır və tələb olunan məlumatlar - MMC-nin adı, nizamnamə kapitalının məbləği və təsisçiləri, MMC-nin hüquqi ünvanı və idarəetmə orqanları, müşahidə şurası və MMC-nin fəaliyyət sahəsi barədə məlumatlar ardıcıllıqla sistemə daxil edilməlidir.
Növbəti səhifəyə cəmiyyətin vergi mükəlləfiyyəti daxil edilir və əgər ƏDV qeydiyyatı seçilmişdirsə o zaman qeydiyyatın qüvvəyə minmə tarixi qeyd olunur. Həmin səhifəyə açılmalı olan bank hesabı(ları) barədə məlumatlar (bankın və bank filialının adı, hesabın növü və valyutası) daxil edilir.
İstifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını da sistemə daxil etməlidir. Ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir.
Növbəti mərhələdə şəxsi və qeydiyyata alınacaq yeni hüquqi şəxs üzrə Biznes Asan İmza sertifikatının əldə edilməsi üçün təmsilçinin mobil telefon nömrəsi sistemə daxil edilir. MMC-nin yaradılmasına dair təsisçilər və rəhbər tərəfdən kağız formatda imzalanmış ərizə (PDF) sistemə yüklənir.
Məlumatlar daxil edildikdən sonra istifadəçi (rəhbər) "İrəli" düyməsini sıxır, daxil edilən məlumatlara əsasən avtomatik hazırlanan "Ərizə" və "Nizamnamə" sənədləri ilə tanış olur. İstifadəçi (təmsilçi) "Təsdiqləyəcək şəxslər" düyməsinə klik etdikdə MMC-nin qeydiyyat ərizəsi və nizamnaməsi təsisçi(lər) və təmsilçinin "Təsdiqlənəcəklər" qovluğunda əks olunur, təsisçi(lər) və təmsilçi tərəfindən "Təsdiq" edildikdən sonra təmsilçi qeydiyyat ərizəsini göndərir. Əlavə olaraq, istifadəçinin "Təsdiqləyəcək şəxslər" ekranı vasitəsilə həmin ərizənin təsdiq olunub-olunmamasına baxmaq imkanı olur. Rəhbər və təsisçi eyni şəxs olduqda, ərizənin "Təsdiqləyəcək şəxslər" bölməsinə göndərilməsinə ehtiyac olmadan "Təsdiqlə və göndər" düyməsinə klik etmək kifayətdir.
Qeydiyyat ərizəsi göndərildikdən sonra "Yerli investisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qeydiyyatı haqqında elektron ərizənin qəbul edilməsi barədə" bildiriş ekranda əks olunur. Bildirişdə MMC-nin dövlət qeydiyyatına alınmasını təsdiq edən VÖEN və ərizənin Vergilər Nazirliyinin "Bir Pəncərə" sistemində qeydiyyata alındığı kargüzarlıq nömrəsi görünür.
Ərizə qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış, eyni zamanda MMC-nin qeydiyyata alınması barədə Məlumat VÖEN-in elektron kabinetinə göndərilir. MMC-nin elektron kabinetinə ilk dəfə daxil olan zaman vergi orqanının kargüzarlıq nömrəsi ilə VÖEN-nin "Gələnlər" qovluğuna daxil olan məlumatı şirkətin rəhbəri gücləndirilmiş elektron imza ilə imzalamalıdır. Eyni zamanda, ƏDV qeydiyyatı barədə, bank hesabının açılması üçün şəhadətnamə dublikatın alınması barədə ərizələr vergi orqanında icraya qəbul edilir və icra olunur.
MMC-nin rəhbəri üçün Asan İmza biznes sertifikatının alınması məqsədilə müraciət müvafiq ASXM-ə göndərilir və icra olunur. MMC ilə işçilər arasında bağlanan əmək müqavilələrinin məlumatları ƏƏSMN-nin informasiya sisteminə ötürülür. Qeydiyyat orqanı qanunvericilikdə müəyyən edilən əsaslar üzrə MMC-nin dövlət qeydiyyatının aparılmasından imtina etdiyi halda müvafiq qərar istifadəçinin şəxsi kabinetinə göndərilir. Bank hesabının açılması üçün şəhadətnamə-dublikat bildirişi Vergilər Nazirliyi tərəfindən müvafiq bank idarələrinə göndərildiyi andan etibarən bankın səlahiyyətli nümayəndəsi VÖEN və Şəhadətnamə-dublikat bildirişinin nömrəsini daxil etməklə, gücləndirilmiş elektron imza ilə imzalanmış formatda Hüquqi şəxsin şəhadətnaməsi, Hüquqi şəxsin nizamnaməsi və Dövlət reyestrindən çıxarış sənədlərinə baxış imkanı əldə edə bilər.