Sosial iqtisadiyyat

"Qaçqınkom" Abşeronda yeni qəsəbədəki narazılığa aydınlıq gətirdi

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Mətbuat xidməti martın 27-də sosial şəbəkələrdə Abşeron rayonu ərazisindəki 1000 ailəlik yeni qəsəbədən sosial şəbəkə vasitəsi ilə yayımlanan videogörüntülərlə bağlı açıqlama verib.

Komitədən verilən məlumata görə, yeni yaşayış məhəlləsində yerləşdirilən məcburi köçkünlərdən bəzilərinin mənzillərdə mətbəx mebeli, isti su və qaz təchizatının olmaması, həmçinin sərnişin nəqliyyatının işindəki çatışmazlıq barədə müraciətləri Dövlət Komitəsinin səlahiyyətli şəxsləri tərəfindən yerində araşdırılımışdır. Bu zaman məcburi köçkünlərin diqqətinə çatdırılmışdır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikintisi həyata keçirilən digər yaşayış məhəllələrindəki kimi bu kompleksdə də tam təmir edilmiş mənzillərin mətbəxi qaz plitəsi, dolab və tumba ilə təchiz olunub. Son vaxtlar məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sahibkarlıq və biznes strukturları tərəfindən inşa edilmiş bir neçə yaşayış kompleksində məhz həmin strukturların təşəbbüsü ilə xeyriyyəçilik aksiyası kimi yüngül mətbəx mebeli və digər avadanlıqlar sakinlərin istifadəsinə verilib.

Abşeron rayonunun ərazisindəki 1000 ailəlik yeni yaşayış kompleksindəki mənzillərin isti su və təbii qazla təminatının olmaması isə mövcud binalarda məcburi köçkünlərin yerləşdirilməsinin hələ tam başa çatmaması ilə əlaqədardır. Belə ki, binalar tam məskunlaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaqdır.

Məcburi köçkünləri sərnişindaşıma ilə bağlı istəyi isə kompleksdən təkcə Sumqayıt şəhərinə deyil, Bakıya və digər yaşayış məntəqələrinə birbaşa gediş-gəliş imkanının yaradılması barədədir ki, Dövlət Komitəsi bu məsələnin də həlli üçün müvafiq qurumlara müraciət edib və həmin müraciətə müsbət cavab veriləcəyi gözlənilir. Qeyd edək ki, gün ərzində qəsəbədən Sumqayıta gediş-gəliş 12A nömrəli avtobus vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, kompeksdə məcburi köçkünlərin yerləşdirilməsinə bu ilin fevral ayından başlanılıb və proses davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)