Hadisə

“Diqlas” yanıb, yoxsa yandırılıb?

Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzinin bir neçə saat içərisində yanaraq külə dönməsi iki gündür əsas müzakirə mövzusudur.

Yanğından sonra göydə uçuşan suallardan biri də budur: “Yandırdılar, yoxsa özü yandı?”

Bu sualın yaranması üçün isə əlbəttə ki, əsas var: “Diqlas” kimi iri ticarət mərkəzində bu kimi hallara qarşı yanğından mühafizə sistemi mövcud olmalı idi. Niyə olmayıb? Olubsa da yanğın niyə lokallaşdırıla bilməyib?

Yox, əgər binada yanğından mühafizə sistemi düzgün tərtib edilməmişdisə, obyektin fəaliyyətinə necə icazə verilib?

Ümumilikdə obyektlərdə yanğından mühafizə sisteminin təşkili necə aparılmalıdır?

Bu suallari Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb. 

 

Eləcə də bax: "Diqlas"da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

 

Ekspert deyib ki, binanın yanğından mühafizə sistemi mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yoxlanılmalı idi:

“İnsanların kütləvi şəkildə çalışdığı obyektlərdə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi mütəmadi olaraq bu sistemləri yoxlamalı və sahibkara məlumat verməlidir. 

Yoxlama zamanı zəif və risk doğura biləcək məqamlar zamanında aşkarlanarsa, baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə tədbirlər görmək mümkündür. 

Çox güman ki, burada həmin məqama diqqət edilməyib. Səhlənkarlıq edilib. Ümumiyyətlə, FHN nümayəndələri təkcə böyük ticarət mərkəzlərinə deyil, ən kiçik obyektlərə belə məcburi şəkildə özünün təhlükəsizlik qaydalarına müvafiq olan zəruri avadanlıqları yerləşdirməlidir. 

Düşünürəm ki, ehtiyatsızlıq və nəzarətsizlik səbəbindən “Diqlas”da yanğın baş verib və sürətlə binaya yayılıb”.

Ekspert əlavə edib ki, hadisə baş verirsə, orada iki məqam diqqətdə saxlanılır:

“Yanğının baş vermə səbəbi ya dediyimiz kimi ehtiyatsızlıqdır, ya da bunu kimsə qəsdən törədib.

Çünki yanğının söndürülmə prosesi də kifayət qədər uzun çəkdi. Bu da cəmiyyətdə FHN əməkdaşlarının qeyri-peşəkar olmaları istiqamətində fikrin yaranmasına səbəb oldu. 

Amma bütün hallarda bu məsələnin yekun nəticəsi və əsas səbəbi, təbii ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmanın yekun nəticələri açıqlandığı zaman bəlli olacaq”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)