İçkili avtobus sürücüsü Bakıda aləmi bir-birinə qatdı - FOTO
Bakıda səhər saatlarında sərxoş vəziyyətdə içi sərnişinlərlə dolu avtobusu idarə edən sürücüsü yol polisləri tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Paytaxtın Səməd Vurğun küçəsində 90-VX-692 dövlət nömrə nişanlı, 83 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü kobud qayda pozuntusuna yol verdiyinə görə yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lakin sürücü yol polislərinə tabe olmayaraq hərəkətini davam etdirib, hətta hərəkət etdiyi marşrut xəttindən belə çıxaraq davamlı qayda pozuntuları törədib.
YPX əməkdaşları avtobus sürücüsünü Hənifə Ələsgərov küçəsi və Azadlıq prospektinin kəsişməsində saxlatmağa nail olublar. Sürücünün yol hərəkətini qaydalarını pozması “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə də lentə alınıb.
Müayinə zamanıTəbin Hətəmovun sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.
Qeyd edək ki, avtobus saxlanılan zaman nəqliyyat vasitəsində olan sərnişinlər əvvəlcə yol polislərinə etiraz ediblər.
Amma sürücünün sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olandan sonra sərnişinlər onların həyatını real təhlükə yaradan sürücünü hərəkətdən kənarlaşdırdıqları üçün polislərə minnətdarlıq ediblər. Sürücü izahatında spirtli içki qəbul etdiyini etiraf edib.
Araşdırma zamanı həmçinin avtobus sürücüsünün nəqliyyat vasitəsini gecə saatlarında qarajda yox, yaşadığı evin yaxınlığında saxladığı və səhər tezdən tibbi müayinədən keçmədən işə çıxdığı məlum olub.