Google-un reklam fəaliyyəti ilə bağlı 3,2 milyard dollarlıq məhkəmə prosesi başlayır
Nyu-York federal məhkəməsi təxminən 5 min naşirin “Google”a qarşı ümumi dəyəri 3,2 milyard dollardan çox olan təzminat tələbləri üzrə məhkəmə proseslərinin davam etdirilməsinə icazə verib.
ENA.az xəbər verir ki, bu barədə “Techora” məlumat yayıb.
İddialar “Google”un onlayn reklam birjası AdX-dəki fəaliyyəti ilə bağlıdır. Naşirlər şirkətin reklam texnologiyaları bazarındakı təcrübələrinin onlara maliyyə zərəri vurduğunu iddia edirlər. Məhkəmə “Google”un naşirlərin təqdim etdiyi zərər hesablamalarına etirazını rədd edib.
Kollektiv iddia çərçivəsində təxminən 5 min naşir 1,7 milyard dollar tələb edir. Bundan başqa, ayrı-ayrı böyük media şirkətləri də təzminat tələb edir. “USA Today” təxminən 900 milyon dollar, “Daily Mail General and Trust” isə 600 milyon dollar civarında zərərin ödənilməsini istəyir.
“Google” isə bəzi naşirlərin fərqli reklam alış alətindən istifadə etdiyini və onların iddialarının məhkəmə tərəfindən rədd edildiyini bildirib. Şirkət qalan tələblərə qarşı məhkəmədə müdafiə olunacağını açıqlayıb.
Məhkəmə proseslərinin başlanacağı dəqiq tarix hələ müəyyən edilməyib. İş ABŞ Ədliyyə Nazirliyi və bir sıra ştatların “Google”un onlayn reklam texnologiyalarında bazar üstünlüyü ilə bağlı daha geniş antinhisar araşdırmalarının fonunda aparılır.



















