Rüşvətə görə həbs edilən keçmiş prokuror azadlığa buraxıldı
Şəki Apellyasiya Məhkəməsində İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"BI"nin xəbərinə görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Ü.Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. F.Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.
Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib.
Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Abbasov 9 il, F.Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.