Gündəm

Xəzər dənizində suyun səviyyəsi son 200 ilin minimumuna endi

Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb.

Bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb.

Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və çay axınının azalmasını göstərib.

Məhəmməd Rza Kənani xəbərdarlıq edib ki, dəniz səviyyəsinin aşağı düşməsinin davam etməsi regionun sahil icmalarını, infrastrukturunu və unikal ekosistemlərini təhlükə altında qoyur. Xəzər dənizinə daxil olan suyun təxminən 75%-i çayların payına düşür, çay axınının təxminən 80%-ni isə Volqa təmin edir.

Çirklənmə də əlavə təhlükə yaradır: dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar xəbərdarlıq edirlər ki, dayazlaşma və çirklənmənin birgə təsiri artıq Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)