Azərbaycan holdinqi daha 1000 nəfəri işə götürəcək
Azərbaycanın istehsal və ticarət şirkəti “Azərsun Holdinq” daha 1000 iş yeri açmağı planlaşdırır.
“BI” xəbər verir ki, bunu "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdulbari Gözəl media nümayəndələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, “Azərsun”un işçilərinin sayı daha da artacaqdır: “Çünki biz “AL Market"ləri çoxaldırıq. Yeni şöbələrin açılması ilə əlaqədar olaraq təxminən əlavə 1000 nəfər işə götürüləcəkdir”.
Abdulbari Gözəl qeyd edib ki, hazırda “Azərsun Holdinq”in işçilərinin sayı 12 min nəfər civarındadır.
Holdinqin rəhbəri ilin əvvəlində “Azərsun Holdinq”də aparılmış ixtisarın səbəbini də ictimaiyyətə açıqlayıb:
“Bir müddət əvvvəl Holdinqin neft tranziti ilə məşğul olan qolundan 70-80 nəfəri işdən çıxardıq. Bunun səbəbi neftin tranzit nəqlinin azalmasıdır. Qazaxıstan Rusiya yolu ilə nəqlə üstünlük verir. Buna görə terminalda boş insanlar var idi. Onlara başqa işlər də təklif etdik. Amma onlar mühandis olduqlarından digər iş təklifimizi qəbul etmədilər”.
Abdulbari Gözəl əlavə edib ki, holdinqin zavodlarının böyüdülməsi və yeni istehsal sahələrinin yaradılması da nəzərdə tutulur.