Bank

42 milyard manatlıq rekord: Banklararası pul bazarında yeni mərhələ başladı

Bu il Azərbaycanın banklararası pul bazarında rekord dövriyyə qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamaya görə, bu ilin I rübündə Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 42,1 milyard manat məbləğində 1 041 ədəd əqd bağlayıb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 86,3 % çox və 10,4 % azdır. Yəni əqdlərin sayı azalsa da borclanma həcmi artıb. 

"2023-cü ildən banklararası pul bazarını "Bloomberg" ticarət platformasında üzərində yaratmışıq. 2026-cı il həmin platformada ən yüksək dövriyyənin qeydə alındığı il olub. Banklar artıq bir-biri ilə valyuta alqı-satqısı həyata keçirirlər. Deməzdim ki, banklarda ümumiyyətlə valyutaya tələb yox idi. Bəzi banklarda tələb var idi. Digər banklarda isə kifayət qədər valyuta olduğu üçün onlar bu tələbi öz aralarında ödəyirdilər. Yəni AMB-nin valyutasına ehtiyac qalmamışdı. Banklar tələb və təklifi öz aralarında balanslaşdırdıqları üçün bizim valyuta hərraclarına da ehtiyac yaranmırdı. Bu, çox vacib məsələdir", - deyə o qeyd edib.

Əqdlərin sayı 10,4% azalıb, amma dövriyyə 86,3% artıb

Bu, bazarda daha iri həcmli əməliyyatların aparıldığını göstərir. Hesablasaq, 2025-ci ilin I rübündə orta əməliyyat həcmi təxminən 21,7 milyon manat olub. 2026-cı ilin I rübündə isə orta əməliyyat həcmi 40,4 milyon manata yüksəlib.  Yəni bir əməliyyatın orta həcmi təxminən 86% artıb.

Bu, bankların bir-birinə etimadının və iri həcmli qısamüddətli likvidlik əməliyyatlarının artdığını göstərən mühüm göstəricidir.

Xatırladaq ki, AMB uzun illərdir faiz qərarlarının iqtisadiyyata ötürülməsi üçün aktiv banklararası pul bazarı lazım olduğunu deyirdi. Əgər banklar artıq likvidliyi öz aralarında bölüşürlərsə bu, AMB-nin uçot dərəcəsinin bazara ötürülməsini gücləndirir, qısamüddətli faizlər daha çox bazar prinsipləri ilə formalaşır, monetar siyasətin transmissiya mexanizmi yaxşılaşır.

Bu, iqtisadi baxımdan rekord dövriyyədən daha mühüm nəticədir.

Burada valyuta bazarı ilə bağlı mühüm mesaj isə odur ki, faktiki olaraq bankların valyutaya tələbi yox olmayıb, sadəcə bu tələb artıq Mərkəzi Bank və Dövlət Neft Fondu hesabına deyil, bazar daxilində qarşılanır. Bu, valyuta bazarının institusional inkişafı baxımından müsbət siqnaldır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)