Marketinq və reklam

"Azərbaycan Sənaye Bankı" maliyyə nəticələrini açıqlayıb

"Azərbaycan Sənaye Bankı" (ASB) ASC bu ilin ilk yarısını 3,444 milyon manat xalis mənfəətlə başa vurub.

Bankın maliyyə hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz çoxdur.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 31,654 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20,6 faiz artım deməkdir. Xərclər 27,168 milyon manata çataraq 22 faiz artıb, xüsusi ehtiyatlara ayırmalar isə 56,4 faiz azalaraq 177 min manat olub. Bankın mənfəət vergisi ödəmələri 20,7 faiz artaraq 864 min manat təşkil edib.

İyulun 1-nə ASB-nin aktivləri 874,525 milyon manata çatıb ki, bu da illik müqayisədə 7,3 faiz çoxdur. Aktivlərin 400,056 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Bankın kredit portfeli son bir ildə 33,9 faiz artıb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,5 faiz artaraq 742,54 milyon manata, depozit portfeli 4,7 faiz artaraq 513,626 milyon manata, balans kapitalı isə 6,3 faiz artaraq 131,984 milyon manata yüksəlib.

Qeyd edək ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb və 2006-cı ildə rebrendinq edib. Bankın nizamnamə kapitalı 60 milyon manatdır. Səhmlərinin 98,4252 faizi "Anadolu Investment Company" MMC-yə, 1 faizi Leyla Goozal Kurta, 0,5748 faizi isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)