Məktəbə qəbul zamanı niyə işıq pulu qəbzi tələb olunur? - AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasına münasibət bildirib.
"BI"nin məlumatına görə, BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva bildirib ki, elektrik enerjisi qəbzinin kodunun istənilməsi, sadəcə, qeydiyyatla bağlıdır:
“Hazırda bır sıra məktəbdə sıxlıq müşahidə olunur. Bunun üçün üstünlük hüququ deyilən ərazi prinsipi var. Əgər valideynlərin övladlarından biri həmin məktəbdə oxuyursa, yaxud valideynlərdən biri məktəbdə işləyirsə, Təhsil Nazirliyinin məlumat bazasıdan qeydiyyat zamanı bu prinsip yoxlanır.
Valideyn qeydiyyatda həmin ünvanda yaşayırsa, heç bir problem olmadan məlumat bazasından qeydiyyat ünvanının həmin məktəbin ərazisinə düşüb-düşməməsi göstərilir.
Valideyn başqa yerdə qeydiyyatdadır, amma ona yaxın məktəbin ərazisində yaşayırsa, onun sənədləri aparıb-gətirməsinə ehtiyac qalmaması üçün faktiki yaşadığı qeydiyyatın təsdiqi üçün yalnız elektrik enerjisi qəbzinin kodu sistemə daxil edilir. Bu zaman valideynin yaşadığı ünvan avtomatik şəkildə tapılır”.
“Bununla da valideynin həmin ərazidə yaşaması təsdiq olunur. Bu sırf vətəndaşın məmnuniyyətini təmin etmək üçündür ki, vətəndaş hansısa bir arayış, sənəd üçün uzun müddət get-gələ düşməsin”, - deyə İlhamə Abdullayeva bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunması ilə bağlı məlumat yayılmışdı.