Bank

ABB səhmləri ucuzlaşdı, PAŞA Bank səhmləri bahalaşdı (14.07.2026)

Bakı Fond Birjasında bu gün sərbəst ticarətə buraxılan bank səhmləri üzrə fərqli dinamika müşahidə olunub. Dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri ucuzlaşdığı halda, ölkədə IPO keçirən ilk özəl bank olan PAŞA Bankın səhmləri yenidən bahalaşıb.

Ticarətin nəticələrinə görə, ABB-nin səhmlərinin qiyməti 34 qəpikdən 29 qəpiyə enərək 14,7% ucuzlaşıb. Əvəzində, PAŞA Bankın səhmləri 53,34 manatdan 54,87 manata yüksələrək 2,9% bahalaşıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, hər iki səhmin bazar davranışı fərqli olsa da, hələ də IPO və ya nominal qiymətlərinə tam qayıda bilməyib. ABB səhmlərinin nominal satış qiyməti 27 qəpik, PAŞA Bankın IPO qiyməti isə 55 manat olub.

Beləliklə, ABB səhmləri nominal qiymətdən hələ də yuxarı ticarət olunsa da, son sessiyada investorların satış üstünlüyü qiymətin geri çəkilməsinə səbəb olub. PAŞA Bank səhmləri isə son günlərdəki enişdən sonra yenidən yüksəliş nümayiş etdirsə də, hələ də IPO qiymətindən cüzi – 13 qəpik (0,2%) aşağı səviyyədə qalır.

Kapitallaşma baxımından isə ABB bazarda lider mövqeyini qoruyur. Bankın bazar dəyəri 1 milyard 376,2 milyon manat, PAŞA Bankın kapitallaşması isə 1 milyard 23,8 milyon manat təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)