Deputat: "Torpaqların birləşməsi ilə ərzaq bolluğuna nail olunacaq"
Azərbaycanda torpaqların konsolidasiyası ilə ərzaq bolluğuna, ərzaq təhlükəsizliyinə nail olunacaq.
Bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ərazisi kiçik olan torpaq sahələri var ki, bu gün onların əkilməsi, becərilməsi, kultivasiya qaydaları bir az çətinlik yaradır: "Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi hər cür şərait yaradıb: həm subsidiyalar verir, həmçinin onların biçilməsində, əkilməsində köməklik göstərir. Aqrar sənaye kompleksləri var".
Deputat əlavə edib ki, torpaqların konsolidasiyası zamanı könüllülük prinsipi məcburi xarakter daşıya bilməz: "İkincisi, mülkiyyətçinin hüququ mütləq qorunmalıdır. Çünki torpaq sahibi mülkiyyətçidir və onun istəyinə uyğun şəkildə həyata keçirilməlidir və üçüncü məsələ burada vərəsəlik məsələsidir. Digər bir məsələ isə odur ki, bununla bağlı nizamnamə hazırlanmalıdır və inkişaf etmiş ölkələrin, məsələn, Almaniyanın bu sahədə təcrübəsi var. Oradan götürülməlidir ki, bu proses necə ola bilər, necə davamlı olunmalıdır. Hamımız torpaqların birləşməsinin tərəfdarıyıq, hesab edirik ki, bununla da ərzaq bolluğuna, ərzaq təhlükəsizliyinə nail olacağıq".


















