Rəsmi

Prezident “Maliyyə icarəsi haqqında” qanunu təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Maliyyə icarəsi haqqında” qanunu təsdiqləyib.

ENA.az bunu Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Yeni qanun Azərbaycanda maliyyə icarəsi (lizinq) fəaliyyətinin hüquqi əsaslarını, bu sahədə tənzimləmə və nəzarət mexanizmlərini müəyyən edir. Sənədə əsasən, lizinq fəaliyyəti ilə məşğul olmaq istəyən şirkətlər Mərkəzi Bankın aparacağı xüsusi reyestrə daxil edilməli, müəyyən kapital və prudensial tələblərə əməl etməlidirlər.

Qanunla Mərkəzi Bank lizinq şirkətlərinin fəaliyyətinə nəzarət edən əsas qurum kimi müəyyənləşdirilir. Həmçinin lizinq müqavilələrinin bağlanması, tərəflərin hüquq və vəzifələri, geriyə lizinq əməliyyatları, risklərin bölüşdürülməsi və maliyyə icarəsi obyektlərinin hüquqi müdafiəsi ilə bağlı məsələlər tənzimlənir.

Sənədə görə, hazırda lizinq fəaliyyəti göstərən şirkətlər qanunun qüvvəyə minməsindən sonra 9 ay ərzində fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalı və reyestrə daxil olmaq üçün Mərkəzi Banka müraciət etməlidirlər.

Qanun dərc edildiyi tarixdən 6 ay sonra qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)