Problemli kreditlərin sahibləri kimlərdir? - ARAŞDIRMA
Azərbaycanda problemli kreditlərin həcmi artır. Bunu hər ay üzrə rəsmi statistika da təsdiqləyir.
Bəs, krediti alıb sonra problemə çevirənlər kimlərdir?
Bİ.az xəbər verir ki, bu suala cavab tapmaq üçün həm Mərkəzi Bankın məlumatlarından, həm də ekspert rəylərindən istifadə edilib.
Əvvəlcə rəsmi rəqəmlərdən başlayaq. Mərkəzi Bankın məlumatına görə, 2018-ci il 1 sentyabra vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 772,4 mln. manat təşkil edib. Təhlil etsək, bu ilin yanvar-avqust ayları ərzində qaytarılmayan kreditlərin həcmi 8,9% artıb. Gecikmiş kreditlərin 847 milyon manatı milli valyutada, 926 milyon manatı xarici valyutada olan kreditlərdir.
Kreditləri kimlər, nə məqsədlə alıb?
2015-ci il devalvasiyasından sonra əhali kreditlərin ödənişini, demək olar ki, saxladı. Amma nə baş verdiyinə adaptasiya dövründən sonra yenidən kreditləri qaytarmağa başladılar. Bu halda manatla krediti olanlar bayram etsə də, dolların təxminən iki dəfəyə yaxın dəyər qazanması insanlara borcunu ödəməkdə çətinlik yaratdı.
Problemin yarandığı ilk illərdə istehlak kreditləri üzrə göstəricilər daha çox nəzərə çarpsa da, sonradan çox kiçik həcmdə olan bu kreditlərin qaytarılması tendensiyası yaxşılaşdı. Hətta bu ona səbəb oldu ki, banklar əhalinin özünə məişət əşyası almaq üçün götürdüyü borcu insafla qaytardığını görüb, kreditləşməyə başlayanda yenə də istehlak kreditlərini reklam etdilər.
Mərkəzi Bankın bu ilin səkkiz ayı üzrə statistikasına görə, banklar ev təsərrüfatlarına 4 milyard 784 milyon manat kredit ayırıblar. Bu vəsaitin yalnız 453 milyon manatı sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərdir.
Göründüyü kimi, yenə də istehlak kreditləri böyük həcmdə qalmaqda davam edir. Ayrılan kreditlərin həcmi baxımından sonrakı yerləri ticarət və xidmət sektoru, o cümlədən əmlak bazarı tutur.
Problemli borcla yaşayanlar
Statistik məlumatlardan aydın görünür ki, problemli kreditlərin əksəriyyəti uzunmüddətli kreditlərdir. Manatla uzunmüddətli 671 milyon həcmində kredit, dollarla olan 731 milyon manat həcmində kreditin qaytarılması problemə çevrilib. Yəni, banklar qısa müddətə ayırdıqları pulu geri yığa bilirlər.
Maliyyə məsələləri üzrə ekspert Samir Əliyevin Oxu.Az-a açıqlamasına görə, problemli kreditlər indiyə qədər deyildiyi kimi, istehlak kreditləri yox, məhz biznes kreditləri ilə bağlıdır.
“Təsəvvür edin ki, biznes kreditləri 10 min manatdan başlayır. Yəqin ki, belə informasiyalarla qarşılaşırsınız ki, filan şirkətin banka 800 milyon manat borcu var”.
Hamı işini ehtiyatlı tutur
Tendensiyaya gəlincə, ekspert hesab edir ki, rəqəmlərdəki artım köhnə kreditlərlə bağlıdır, çünki həmin kreditlər qaytarılmır və faiz borcları yığıldıqca portfel də şişir.
“Bir faktı deyim ki, Maliyyə Bazarlarına nəzarət Palatasının hesabatına görə, kredit üzrə ayrılan ehtiyatlar artır. Bu isə o deməkdir ki artım nə qədər ciddidir”.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyat ayırmaların həcmi üzrə rəqəmlər belədir:
2017-ci il, 30 sentyabr - 1 milyard 635 milyon manat;
2017-ci il, 30 dekabr - 1 milyard 476 milyon 500 min manat;
2018-ci il 1 sentyabr - 1 milyard 656 milyon manat.
Göründüyü kimi, 2017-ci ilin sonuna problemli kreditlərin həcmi azalsa da, bu ilin ötən səkkiz ayında yenidən yüksəlib. Qeyd edək ki, bankların erkən ehtiyatları artır, bu, problemli kreditlərin vəziyyəti ilə bağlı tendensiyanı göstərir.
S.Əliyevin sözlərinə görə, banklar devalvasiyadan əvvəl əllərində olan pulun 70 faizini kreditə yönəldirdi, indi bu rəqəm 40 faizə düşüb.
P.S. Sonda sadə dillə izah edək, hazırda bank əlindəki 100 manatın 40 manatını kreditə verir, qalan 60 manatını isə Mərkəzi Bankın depozitinə, notlarına, dövlət qiymətli kağızlarına yönəldir. Nəticədə bu pul iqtisadiyyata getmir. Ona görə də hazırkı problemlərin hamısı iqtisadiyyatdan qaynaqlanır.