AccessBank "Private Banking" açdı. Nələr təklif olunur?
“AccessBank” ASC yeni “Private Banking” xidmətinin yaradıldığını elan edib.
Bankın İdarə Heyətinin üzvü Renat Hüseynov bildirib ki, VİP Club-a qoşulan müştərilərin sayında müşahidə olunan dinamik artım bu istiqamətdə ayrıca xidmət modelinin formalaşdırılmasını zəruri edib. Onun sözlərinə görə, “Private Banking” çərçivəsində müştərilərə sürətli bank xidmətləri ilə yanaşı, turizm, sığorta və viza sənədlərinin hazırlanması kimi əlavə xidmətlər də təqdim olunur, kreditləşmədə isə fərdi yanaşma tətbiq edilir.
“Private Banking” məhsulunun rəhbəri Vüsalə Quliyeva qeyd edib ki, xidmət çərçivəsində hər bir müştəriyə fərdi menecer təyin olunur. Bu menecerlər müştərilərin vəsaitlərinin yerli və beynəlxalq fond bazarlarında səhm və digər maliyyə alətlərinə yönləndirilməsini təmin edir.
Onun sözlərinə görə, xidmətə qoşulma Premium və VİP paketləri üzrə illik müvafiq olaraq 250 və 450 manat təşkil edir.
Qeyd olunub ki, ilkin mərhələdə 5 müştəri ilə başlayan xidmətin istifadəçilərinin sayı hazırda 1000-i ötüb.

















