Prezidentdən vizalarla bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev "UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncam ilə müəyyən edilib ki, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
-Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
-Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
-UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.