Hadisə

ABŞ ordusu şənbə günü İrana zərbəyə hazır vəziyyətə gətirilib. Regiondakı hava bazalarının XƏRİTƏSİ

euronews yazır ki, ABŞ rəsmiləri bildiriblər ki, Donald Trump hərbi variantı nəzərdən keçirdiyi bir vaxtda ordu bir neçə gün ərzində İrana zərbə endirməyə hazır olacaq. 

Məlumatlara görə, yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Trampa bildiriblər ki, ABŞ ordusu şənbə günündən etibarən mümkün hücum üçün hazır vəziyyətdə olacaq. Bununla belə, Tramp hələlik hərbi əməliyyatla bağlı yekun qərar verməyib və məsələni əsas müşavirləri ilə müzakirə edir.

Bu arada, Ağ Ev Vaşinqton və Tehran arasında Cenevrədə aparılan nüvə danışıqlarına baxmayaraq, regional gərginliyin artması risklərini, həmçinin geri çəkilmənin siyasi və hərbi nəticələrini qiymətləndirir. Son günlər danışıqlara rəğmən ritorika daha da sərtləşib.

Tramp çərşənbə günü Truth Social platformasında yazıb:
“Əgər İran razılaşma əldə etmək istəməzsə, potensial hücum üçün ABŞ-ın Dieqo Qarsiya və Feyrfordin hava bazalarından istifadə etməsi lazım gələ bilər.”

Trampın müşavirlərindən biri Axios-a bildirib ki, “(Tramp) səbirsizləşir. Ətrafındakı bəzi şəxslər onu İranla müharibəyə girməmək barədə xəbərdar edirlər, lakin məncə, yaxın bir neçə həftə ərzində hərbi əməliyyat görmək ehtimalı 90 faizdir.”

ABŞ mediasına danışan mənbələrin sözlərinə görə, mümkün hərbi əməliyyat böyükmiqyaslı və həftələrlə davam edən ola bilər və bu, İsraillə birgə həyata keçirilə bilər. Bildirilir ki, Tramp administrasiyası Yaxın Şərqdə böyük müharibəyə “əksər amerikalıların düşündüyündən daha yaxın” vəziyyətdədir.

ABŞ rəsmilərinin fikrincə, yaxın günlərdə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Aralıq dənizinin şərqinə çatması mümkün zərbələrin vaxtının müəyyənləşdirilməsində əsas amil olacaq.

ABŞ regionda hərbi-dəniz gücünü artırır. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi, raketlərlə təchiz edilmiş bir neçə esmines və dayaz sularda fəaliyyət göstərə bilən döyüş gəmiləri İran ətrafındakı sulara yerləşdirilib.

Bundan əlavə, ABŞ-ın regiondakı hava bazaları da yüksək hazırlıq vəziyyətinə gətirilib. Həmin bazaların xəritəsini təqdim edirik: 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)